Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutu tərəfindən hazırlanan “Türk dünyası coğrafiyası və etnosu” üçcildliyi Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycanda Atatürk Mərkəzi, Beynəlxalq Türk Akademiyası və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən virtual konfransda təqdim edilib. Bu barədə institutdan məlumat verilib.

Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov üçcildliyin ərsəyə gəlməsində böyük bir heyətin çalışdığını vurğulayıb. Bildirib ki, birinci cild türk dünyası ərazisinin fiziki-coğrafi problemlərinə həsr olunub. Burada türk dünyasının coğrafi mövqeyi və tarixi coğrafi mahiyyəti ilə yanaşı, ərazinin geologiyası və geomorfologiyası, iqlimi, daxili suları, torpaq-bitki örtüyü, təbii zonaları və ekoloji problemləri araşdırılıb. Kitabın ikinci cildində türk dünyasının iqtisadi və sosial coğrafiyası faktiki materiallar əsasında öyrənilərək ümumiləşdirilib. “Regional coğrafiya” adlanan üçüncü cilddə müstəqil türk dövlətlərinin, eləcə də müvafiq dövlət-idarəçilik qurumları olan türk xalqlarının coğrafiyası ayrılıqda verilib. Bu cilddə dövlət qurumu olmayan azsaylı türk xalqları sayılan etnosların coğrafiyasına da yer ayrılıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva kitabın türk xalqlarının bir-birinə yaxınlaşmasında rolunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərin tarixi əhəmiyyəti var. Bu Qələbə türk dövlətlərində özgüvəni artırmaqla yanaşı, birlik, qardaşlıq ruhunu da möhkəmləndirib.

Virtual təqdimata Qazaxıstandan qoşulan Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Darxan Kıdıralı türk dünyası coğrafiyasının müasir dünyanın geosiyasi məkanında rolunun artmasından danışaraq nəşrin türk xalqlarının coğrafiyasını öyrənmək baxımından çox əhəmiyyətli olacağını bildirib.

AMEA-nın Geologiya İnstitutun direktoru, akademik Akif Əlizadə kitabın fundamental elmi dəyərinin yüksək olmasına diqqət çəkib.

Akademiyanın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Coğrafiya İnstitutunun bu sahədə əməyini yüksək qiymətləndirib.

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov türk dünyası coğrafiyasının öyrənilməsinin mədəniyyətin, adət-ənənələrin, folklorun tədqiqi üçün əhəmiyyət daşıdığını qeyd edib.

Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri Hikmət Ərən və TRT-nin Türkmənistandakı təmsilçisi Murat Toylu da onlayn təqdimata qoşularaq üçcildliyin digər dillərə də tərcüməsinin önəminə diqqət çəkiblər.