ADA Universitetində “Hacı Zeynalabdin Tağıyev” mükafatının təqdim edilməsi mərasimi olub. Mükafat tələbə icmasının sosial məsuliyyət yönlü layihələrinə təqdim edilib.

Qalib layihələr universitetin rektoru, professor Hafiz Paşayev və tədbirin xüsusi qonağı – Hacı Zeynalabdin Tağıyevin nəticəsi Nazim Abdullayev tərəfindən açıqlanıb. Təqdim edilən on iki layihə arasından beşi mükafatlandırılıb.

“Go girl” layihəsinin məqsədi qızları “STEM” (Science – Elm, Technology – Texnologiya, Engineering – Mühəndislik, Math – Riyaziyyat) sahəsi üzrə karyera qurmağa həvəsləndirməkdir. “Gizli Azərbaycan” layihəsi Azərbaycanın görməli, lakin az ziyarət edilən məkanlarını tanıtmaq məqsədi daşıyır.

“Shape of future” layihəsinin məqsədi məktəbliləri düzgün peşə seçimi mövzusunda məlumatlandırmaq və onlar üçün ödənişsiz ingilis dili kursları təşkil etməkdir. “Thriving artist” layihəsi rəssamlıqla məşğul olan gənclər üçün xüsusi onlayn platforma təqdim edir. “Bir kitab, bir xatirə” layihəsinin məqsədi isə gənclər arasında mütaliəyə marağı artırmaqdır. Layihə çərçivəsində Vətən müharibəsi şəhidi Məhəmmədəli İbrahimli adına kitab guşəsi yaradılacaq.