18-22 may tarixində Niderlandın Rotterdam şəhərində keçirilməsi nəzərdə tutulan “Eurovision 2021” mahnı müsabiqəsini zalda 3,5 minə yaxın tamaşaçı izləyə bilər.

Bu barədə müsabiqənin rəsmi saytında məlumat verilib.

Məlumatda deyilir ki, bu, Rotterdamdakı “Ahoy” zalının tamaşaçı tutumunun 20 faizini təşkil edir. Müsabiqəyə yalnız 2020-ci ildə alınmış biletlər keçərli olacaq. Biletlərin geniş kütlə üçün satışı nəzərdə tutulmayıb.

Bildirilib ki, bileti olan şəxslər yalnız 2 yarımfinal (18, 20 may), final (22 may) konsertlərinə və 6 məşqə buraxılacaqlar. Amma bunun üçün izləyicilər tədbirin başlanmasına 24 saat qalmış koronavirus testinin neqativ cavabını təqdim etməli olacaqlar. Müsabiqəni canlı izləmək üçün tibbi maskadan istifadə mütləqdir.

Qeyd edək ki, ötən ilin mayında Rotterdamda keçirilməli olan “Eurovision” müsabiqəsi pandemiya səbəbindən bu ilə ertələnmişdi.