Mayın 6-da Milli Azərbaycan Tarixi Muzeyi və Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının tanınmış nümayəndəsi, Fransada partizan hərəkatının qəhrəmanı Əhmədiyyə Cəbrayılova həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yolundan bəhs edən sərgi ilə tanış olublar.

İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qeyd edib ki, tədbir əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Prezidentinin 2020-ci il 11 avqust tarixli sərəncamına uyğun olaraq keçirilir.

Akademik vurğulayıb ki, muzeyin fondlarında Əhmədiyyə Cəbrayılova məxsus eksponatlar qorunur və nümayiş etdirilir.

Rusiyanın ölkəmizdəki səfirliyinin müşaviri İqor Yeronin İkinci Dünya müharibəsində azərbaycanlıların qəhrəmanlığından danışaraq Əhmədiyyə Cəbrayılovun bu sırada xüsusi yer tutduğunu deyib.

Tədbirə onlayn formatda qoşulan Moskva şəhərində yerləşən Qələbə Muzeyinin Elmi-metodik şöbəsinin müdiri, tarix elmləri doktoru Stanislav Davıdov muzeyin “Xalqların igidliyi” ekspozisiyasındakı Azərbaycan və azərbaycanlılar haqqında eksponatlar barədə danışıb.

Milli Azərbaycan Tarixi Muzeyi Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov rus dilində Azərbaycan DTX arxivindən Əhmədiyyə Cəbrayılovun bioqrafiyası ilə bağlı aşkarlanan yeni faktları diqqətə çatdırıb.

Sonda Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov Milli Azərbaycan Tarixi Muzeyi və Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbərliyinə tədbirin təşkili üçün təşəkkürünü bildirib, atası haqqında xatirələrini danışıb.