İrakli Qaribaşvili: “Bizim bəxtimiz gətirib ki, Azərbaycan kimi qonşumuz var”

Xalqlarımız arasında münasibətlər uzun tarixə əsaslanır, əsrlər boyu davam edən yaxşı qonşuluq və dostluq tarixinə əsaslanır. Hesab edirəm ki, bu, böyük dinamikanı nümayiş etdirən və faktiki olaraq bir çox sahələri əhatə edən cari münasibətlərimizin inkişafı üçün çox yaxşı zəmindir.

Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri mayın 5-də ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşdə deyib.

Prezident əmin olduğunu bildirib ki, Gürcüstan Baş nazirinin səfəri iki ölkə arasında qardaşlıq münasibətlərini gücləndirəcək. “Bizim enerji və nəqliyyat layihələri kimi birgə layihələrin icrası üzrə yaxşı tariximiz var. Bu layihələr regionun siyasi, iqtisadi, nəqliyyat və energetika xəritəsini dəyişmişdir. Ölkələrimiz arasında güclü tərəfdaşlıq olmasaydı, bu layihələrin icrası mümkün olmazdı. Ötən ilin sonuncu günü Cənub Qaz Dəhlizi layihəsinin icrasının sonuncu günü idi. Bu layihə təkcə Cənubi Qafqaz regionunda yox, daha geniş Avrasiya regionunda ümumi inkişaf, sabitlik, proqnozlaşdırma, əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir. Bir daha qeyd edirəm, bizim əməkdaşlığımız olmasaydı, bu mümkün olmazdı. Buna görə, bu vacib layihənin icrasına davamlı dəstək göstərdiyinə görə Gürcüstan hökumətinə dərindən minnətdaram. Bizim birlikdə start verdiyimiz bütün digər təşəbbüslərin də yaxşı uğur hekayəsi var. Əminəm ki, gələcəkdə də belə olacaq”, – deyə İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Gürcüstan iqtisadiyyatında ən böyük investorlardan biri olmağa davam edir: “Bu da, həmçinin çox müsbət və əlverişli investisiya mühitinin yaradılmasında sizin hökumətinizin həyata keçirdiyi islahatların yaxşı göstəricisidir. Bilirəm ki, daha da çox Azərbaycan şirkəti sizin ölkənizdə çalışmaq istəyir və əminəm ki, bu, baş verəcək. Bu gün biz, əlbəttə ki, nail olduqlarımızı nəzərdən keçirəcəyik və gələcək addımlarımızı planlaşdıracağıq”.

İrakli Qaribaşvili qəbula görə Azərbaycan Prezidentinə təşəkkür edərək deyib: “Sizinlə yenidən Bakıda görüşmək böyük məmnuniyyət və şərəfdir... Siz qeyd etdiniz ki, bizim mükəmməl münasibətlərimiz var və münasibətlərimiz əsrlər boyu davam edir. Mən Sizin atanızın vaxtilə Tbilisidə dediyi sözləri təkrar etmək istəyirəm – tale belə müəyyənləşdirib və bəxtimiz gətirib ki, biz qonşuyuq, gürcü və Azərbaycan xalqları qonşudurlar. Bu, bizim taleyimizdir. Biz bir-birimizə çox bağlıyıq və qarşılıqlı əlaqədəyik. Qeyd etdiyiniz kimi, biz birlikdə bəzi ən mühüm əhəmiyyət kəsb edən tarixi layihələri icra etmişik. Ona görə də, biz münasibətlərimizi və qardaşlığımızı gücləndirəcək daha çox layihələrin birgə icrasını davam etdirməkdə tamamilə qətiyyətli və həvəsliyik”.

Gürcüstanın Baş naziri Azərbaycan Prezidentini Tbilisiyə səfərə dəvət edib.

Görüşdən sonra İlham Əliyev və İrakli Qaribaşvili işçi nahar ediblər.

***

Gürcüstanın Baş naziri Bakıya səfəri gedişində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə görüşüb.

Baş nazir Əli Əsədov qonağı salamlayaraq bildirib ki, Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar. Bu gün isə münasibətlərimiz strateji tərəfdaşlığa çevrilib.

Əli Əsədov qeyd edib ki, Azərbaycanın və Gürcüstanın birgə fəaliyyət göstərdikləri meqalayihələr regionun və Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir.

“Bu gün siyasi, iqtisadi, ticari, mədəni və bir çox digər sahələrdə əlaqələrimiz inkişaf edir. İnanırıq ki, bu münasibətlər bundan sonra da inkişaf edəcək. Bir sıra sahələrdə əlaqələrin daha da genişlənməsi üçün böyük potensial var”, – deyə Əli Əsədov əlavə edib.

Səmimi qəbula görə təşəkkür edən Gürcüstanın Baş naziri deyib: “Azərbaycan ilə sıx əlaqələrimiz var. Prezident İlham Əliyev ilə tarixi layihələr barədə danışdıq. Bu layihələr əlaqələrimizin inkişafına böyük töhfələr verir. Bizim bəxtimiz gətirib ki, Azərbaycan kimi qonşumuz var”.