Türkiyəli bəstəkar və yazar Turqay Evren Azərbaycanın Vətən müharibəsindəki Zəfərinə, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın erməni işğalından azad olunmasına həsr edilən mahnı bəstələyib. İngilis dilində yazılan “Many years ago” (“Çox illər əvvəl”) adlı mahnını amerikalı müğənni Della Miles ifa edib.

Bəstə Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal edildiyi gün baş verən faciəvi hadisələrin yad edilməsi məqsədilə mayın 8-də "Twitter" və "Youtube" (www.youtube.com/watch?v=-SxTGCbrS9k) şəbəkələrində yayımlanıb.

Qeyd edək ki, ingilis dilində hekayələr müəllifi də olan Turqay Evren Kəşmir, Fələstin, Yəmən, Suriya və Şərqi Türküstan kimi coğrafiyalarda yaşayan məzlum insanların səsini dünyaya çatdırmaq üçün mahnılar bəstələyir.

Türkiyə mediasına müsahibə verən bəstəkar Qarabağda yaşanan insanlıq dramını ilk dəfə universitetdə oxuduğu illərdə eşitdiyini deyib: “O zaman bu hadisələrə görə çox üzüldüm. Çünki ermənilər yaşlı, uşaq, qadın demədən böyük qırğınlar törətmişdilər”.

Mahnının sözlərinin ingilis dilində yazılmasına da toxunan bəstəkar əsas məqsədin bu vəhşiliyi daha geniş dünya auditoriyasına çatdırmaq olduğunu deyib: “Digər ölkələrin də Qarabağ məsələsini eşitməsini istərdim. Amerikalı müğənni Della Miles ilə mahnını müzakirə etdik. Fikri dəstəklədi və birlikdə melodiyanı yekunlaşdırdıq. Mahnı Ali Tolga Demirtaş tərəfindən aranjiman edilib”.

Bəstəkarın sözlərinə görə, artıq azad olan Şuşa şəhərinin 1992-ci ildə işğal edildiyi tarixdə, 8 mayda sosial şəbəkələr üzərindən yayımlanan mahnıya çoxlu gözəl şərhlər yazılıb: “Mahnının daha geniş bir auditoriyada yayılmasını istəyirik. Əslində, mahnıda dramla yanaşı bir uğur hekayəsi də var. Elə bu müvəffəqiyyət hekayəsinə görə də, əvvəlki mahnılarımızla müqayisədə “Many years ago” daha uğurlu alındı”.

Mehparə SULTANOVA
Ankara