F.Köçərli adına Respublika Uşaq Kitabxanasına yazıçı-ssenarist Günel Əsgərovanın Azərbaycan və rus dillərində nəşr olunmuş “Xanın üç qızı” nağıl kitabı hədiyyə edilib.

Gənc yazarın anasına həsr etdiyi “Sülh tütəyi” nağılı Torontoda (Kanada) keçirilən nağıl ssenariləri müsabiqəsində qalib olub.

Müəllif “Xanın üç qızı” nağılını doğma vətəni Azərbaycana, onun səfalı, gözəl guşələrindən olan Qarabağa həsr edib. Nağıl oxucuları Azərbaycanın xanlıqlar dövrünə səyahətə aparır, Azərbaycan xalqının məkrli düşmənlərlə qəhrəman mübarizəsindən bəhs edir. Nağıl xalqımızın tarixi irsi, mənəvi dünyası, ailə dəyərləri, vətən sevgisi  haqqında qəhrəmanlıq dastanıdır.

Yazıçının nağılları psixoloji məqamlar üzərində qurulub, dünya mifologiyası elementlərinə malikdir, tarix, incəsənət, coğrafiya, mənəvi və mədəni dəyərlər baxımından əhatəlidir və hər kəs üçün anlaşılan hisslərin dilində qələmə alınıb.