Ümummilli lider Heydər Əliyev Azərbaycanın tarixinə adını qızıl hərflərlə yazdırmış şəxsiyyətdir. Müdrik dövlət xadimi, dünya şöhrətli siyasətçi Azərbaycana rəhbərliyinin hər iki dövründə respublikamızın inkişafının möhkəm təməllərini yaradıb, mədəniyyətimizin əsl himayədarı olub, bu sahənin inkişafı üçün əlindən gələni əsirgəməyib.

Azərbaycan xalqı dövlətçilik tariximizdə müstəsna yeri olan böyük oğlunun əvəzsiz xidmətlərini heç vaxt unutmur və onun əziz xatirəsini daim ehtiramla yad edir.

Bu il xalqımız ümummilli liderin anadan olmasının ildönümünü Zəfər ruhu ilə qeyd edir. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 2020-ci ilin 44 günlük Vətən müharibəsində Qarabağı, mədəniyyət beşiyi Şuşamızı işğaldan azad etməklə həm də ulu öndər Heydər Əliyevin ən böyük arzusunu yerinə yetirib.

Mayın 10-da Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, nazirin birinci müavini Vaqif Əliyev və nazirliyin digər məsul vəzifəli əməkdaşları Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət edib, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Nazirliyin rəhbərliyi Fəxri xiyabanda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını da ziyarət edib.