Mayın 10-da – Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar ölkəmizin Türkiyədəki səfirliyi və Ankara Universitetinin birgə təşkilatçılığı ilə videokonfrans keçirilib.

Videokonfransda Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Ankara Universitetinin rektoru Necdət Ünüvar və Altınbaş Universitetinin rektoru Çağrı Erhan çıxış ediblər.

Ankara Universitetinin rektoru Necdet Univar 2003-cü ildə səhiyyə nazirinin müşaviri olarkən Azərbaycana səfəri və Heydər Əliyevlə görüşü barədə xatirələrini bölüşüb. Bildirib ki, Heydər Əliyev həmin vaxt səhhətində problemlər olmasına rəğmən onlarla görüşmüşdü: “Həmin görüşdə Heydər Əliyevin Türkiyəyə olan böyük sevgisinin şahidi olduq. O sevginin nəticəsidir ki, Azərbaycanla Türkiyənin möhkəmlənən qardaşlıq əlaqələri hörmətli İlham Əliyevlə hörmətli Rəcəb Tayyib Ərdoğanın sarsılmaz dostluğu ilə davam etdirilir”.

N.Univar rəhbərik etdiyi universitetin həyətində Heydər Əliyevin 2001-ci ilin fevralında əkdiyi ağacın olduğunu da qeyd edib: “Universitetin həyətində o ağacı gördükcə mərhum Heydər Əliyevi ehtiramla yad edirik”.

Altınbaş Universitetinin rektoru Çağrı Erhan isə Heydər Əliyevin türk dünyasına verdiyi önəmi 90-cı illərdə şahidi olduğu hadisələrlə xatırladıb. Vurğulayıb ki, Heydər Əliyev “Əsrin müqaviləsi” layihəsi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi ilə Azərbaycan və Türkiyənin ən yüksək səviyyədə birliyinə nail olub. 

TBMM-nin üzvü Şamil Ayrım çıxışında Heydər Əliyevin “Bir millət, iki dövlət” deyimini xatırladaraq deyib ki, 44 günlük Qarabağ savaşının qələbə ilə başa çatması da Türkiyə ilə Azərbaycanın qardaşlığının nümunəsidir.

Azərbaycanın Türkiyədəki səfiri  Xəzər İbrahim bildirib ki, 44 günlük Qarabağ savaşının qələbə ilə başa çatması, Şuşanın işğaldan azad olunması ulu öndər Heydər Əliyevin vəsiyyətinin həyata keçməsidir. Diplomat qeyd edib ki, Azərbaycan Ordusunun bu qələbəsi həm də Türkiyədən hərbi sahədə öyrəndiyimiz təcrübənin nəticəsidir. Bunun da başlanğıcı 90-cı illərdə ümummilli liderin Türkiyə ilə hərbi əməkdaşlıqla nail olması ilə qoyulub. Ulu öndərimizin ruhu şaddır ki, həm Azərbaycan, həm Türkiyə bu gün qüdrətlidir, müqayisəyə gəlməyəcək Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bütün dünyaya örnəkdir”.

Mehparə SULTANOVA
Ankara