Şuşada keçiriləcək “Xarıbülbül” Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Fondu tərəfindən beynəlxalq incəsənət festivalı təşkil olunub. Festivalda 13 ölkəni təmsil edən 32 rəssam Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin ruhunu əsərlərində təcəssüm etdirməyə çalışıblar.

Azərbaycan, Estoniya, İordaniya, İraq, İsrail, Latviya, Mərakeş, Niderland, Pakistan, Rumıniya, Türkiyə, Ukrayna və Yunanıstanı təmsil edən Anar Yolçiyev, Anastasia Tarasenko, Andris Vitolins, Dina Oskilko, Leyla Əliyeva, Nikole Bukrejeva, Rəhiməxanım Hacıyeva, Sare Kural, Yelena Haqverdiyeva, Zöhrab Salamzadə və başqa rəssamlar Ermənistanın işğalından azad olunan ərazilərdə gördüklərini, yaşadıqları hissləri festival üçün hazırlanan “Xarıbülbül” maketləri üzərinə köçürüb, dünyaya mühüm ismarışlar verən əsərlər təqdim ediblər.

Bununla yanaşı, rəssamlar kətan üzərində yağlı boya ilə “Yaddaşın rəsmləri” mövzusunda əsərlər də ərsəyə gətiriblər.

Əsərlər “Xarıbülbül” musiqi festivalı zamanı Azərbaycanın mədəniyyət paytaxtı Şuşada sərgilənəcək.

Şuşadan öncə isə rəssamların əl işləri işğaldan azad olunmuş digər torpaqlarımızda sərgilənib.

İlk olaraq “Xarıbülbül” maketləri Ağdam Cümə məscidinin qarşısında nümayiş olunub. Burada Eldar Babazadə, Nigar Nərimanbəyova, Leyla Əliyeva, Leyla Əzimbəyova və Günay Bəylərovanın bir-birindən fərqli və orijinal maketləri təqdim olunub.

Həmin maketlərlə yanaşı rəssamların kətan üzərində yağlı boya ilə çəkdikləri “Yaddaşın rəsmləri” mövzusunda əsərləri də nümayiş olunub.

Məşhur Nərimanbəyovlar nəslinin davamçısı Nigar Nərimanbəyova festivalda iştirakından böyük qürur hissi keçirdiyini bildirib: “Xarıbülbül” beynəlxalq incəsənət festivalında Qarabağın mirvarisi və azadlıq rəmzi sayılan xarıbülbülün rəsmini çəkdiyimə görə qürur hissi keçirirəm. Ümid edirəm ki, yaratdığım əsər “Xarıbülbül” beynəlxalq incəsənət festivalına rəng qatacaq. Əsərdə təsvir etdiyim əlində göyərçin tutan qız Şuşanı bəzəyəcək”.

“Xarıbülbül” maketlərinin növbəti dayanacağı Ağdam Dövlət Dram Teatrının qarşısı olub. Mənfur düşmənin viran qoyduğu, yalnız sütunları qalan bu mədəniyyət mərkəzi uzun illər doğma nəfəsə həsrət qalıb. İndi doğmaları onun görüşünə gül-çiçəklə, xarıbülbülün əsrarəngiz gözəlliyi ilə gəlib.

“Xarıbülbül” maketləri ilə yanaşı sərgilənən “Yaddaşın rəsmləri” mövzusunda əsərlər sırasında Röya Həsənovanın “Çiçəklənən Qarabağ”, “Ağdam çay evi” və “Qarabağın nəğməsi”, Elçin Vəliyevin “Xarıbülbül” rəsm əsərləri silsiləsi və Səbuhi Atababayevin Ağdamın tarixinə aid rəsm əsərləri yer alıb.

Röya Həsənova deyib: “Festivala hazırlıq müddətində beş əsər üzərində işlədim. Burada xarıbülbül və art obyektləri də var. Çəkdiyim əsərdə təkcə Ağdamı deyil, eyni zamanda, Şuşa, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl kimi digər bölgələrimizi də təsvir etmişəm. Onu da deyim ki, mən bu gün ən böyük arzuma çatdım. Həmişə əsərlərimin Qarabağda nümayiş olunması arzusu ilə yaşamışam. Bu gün mən həmin arzuma qovuşduğum üçün çox sevinirəm”.

Sonuncu dayanacaq şəhərin mərkəzində, el arasında "od dəyirmanı" kimi tanınan qədim malikanədə yaradılan Ağdam Çörək muzeyinin qarşısı olub. Vaxtilə bu muzeyin ziyarətçilərini heyrətləndirən ən maraqlı eksponat Leninqrad mühasirəsinin iştirakçısı olan rus qadınının muzeyə bağışladığı ağır günlərin yadigarı – kömürləşmiş 150 qramlıq çörək parçası olmuşdu...

Festival iştirakçıları Azərbaycanın işğaldan azad olunmuş Zəngilan və Qubadlı rayonlarında da olublar.

Zəngilan rayon mərkəzindəki məscidə baş çəkən qonaqlara dini abidə, ermənilərin burada törətdiyi dağıntılar və digər vandallıqları barədə məlumat verilib. Məscidin həyətində rəssamların əsərləri nümayiş olunub, bəzi rəssamlar isə əsərlərinin son tamamlama işlərini elə buradaca icra ediblər.

Rəssamlar Qubadlı rayonuna səfər zamanı Ermənistanın işğal müddətində törətdiyi ekoloji terrorun izləri ilə tanış olub, yaşı yüz illərlə ölçülən kəsilmiş çinar, tut ağacları olan əraziyə baş çəkiblər.

“Müharibədə insanlar ilkin ehtiyaclara fokuslanır, lakin incəsənət bizi başqa önəmli şeylərə fokuslanma sövq edir, bu, bizi heyvanlardan fərqləndirir. Biz incəsənətlə insan varlığına çevrilirik, incəsənət, mədəniyyət bizi fəqləndirir. Burada olmaq mənim üçün bir sürprizdir. Düşünürəm ki, bu regionun gələcək üçün böyük turizm potensialı var, buranın relyefi əladır. Dağlara heyran oldum" – deyə latviyalı rəssam Andris Vitolins bildirib.

Pakistandan olan rəssam Mazher Qureyşi bu cür möhtəşəm tədbiri təşkil etdiyi üçün Heydər Əliyev Fonduna təşəkkür edib: “Mən Qarabağı çəkmək üçün burdayam. Burda baş verənlər çox kədərlidir. Qarabağ çox gözəldir. Burada hər yerin dağıdıldığına şahid oldum. Çəkdiyim əsərdə də bunu əks etdirməyə çalışmışam”.

Qeyd edək ki, layihənin əsas məqsədi müxtəlif ölkələri təmsil edən rəssamların əl işləri vasitəsilə 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərimizdəki dağıntının miqyasını, tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qarşı qəsbkarlığı beynəlxalq auditoriyaya nümayiş etdirməkdir.Gözəl təbiəti və zəngin təbii sərvətləri ilə tanınan qədim bölgələrimizdən olan Qarabağda belə bir incəsənət festivalının keçirilməsi həm də mədəniyyətlərarası dialoqun zənginləşməsinə xidmət edir.