Azərbaycan

13 may 1919 – Tanınmış tarzən, bəstəkar, Əməkdar artist Adil Gәray (Adil Heybәtqulu oğlu Mәmmәdbәyli; 1919 – 13.12.1973) Bakıda doğulub. Tar üçün əsərlərin, məktəblər üçün nəğmələr məcmuəsi və s. müəllifidir.

13 may 1929 – Əməkdar incəsənət xadimi, şair, tərcüməçi Hikmət Ziya (Hikmət Ziya oğlu Əfəndiyev; 1929 – 2.8.1995) Ağdamda anadan olub. Uşaq və gənclər üçün əsərlərin, çoxsaylı təmsillərin müəllifidir.

13 may 1982 – Böyük bəstəkar, pedaqoq, akademik, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Əbülfəz oğlu Qarayev (5.2.1918 – 1982) vəfat edib. “Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri, “Don Kixot” simfonik qravürü, “Leyli və Məcnun” simfonik poeması, simfoniyalar və s. əsərlərin müəllifidir. Bəstəkarlar İttifaqına rəhbərlik edib.

 

14 may 1906 – Əməkdar artist, opera müğənnisi Şirzad Abasəli ağa oğlu Berqman (Hüseynov; 1906 – 10.5.1971) Bakıda anadan olub.

14 may 1985 – Məşhur tarzən, Xalq artisti Bəhram Məşədi Süleyman bəy oğlu Mənsurov (12.2.1911 – 1985) vəfat edib. 1932-ci ildən Dövlət Opera və Balet Teatrının solisti və konsertmeysteri olub.

 

15 may 1893 – Görkəmli türkoloq, şair, professor Bəkir Vahab oğlu Çobanzadə (1893 – 13.10.1938) Krımda anadan olub. Azərbaycanda dilçilik elmi və türkologiyanın təşəkkülü və inkişafında böyük rol oynayıb. Repressiya qurbanıdır.

15 may 1899 – Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə; 1899 – 9.11.1973) Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. Akademik Dram Teatrında çalışıb, filmlərdə (“Bakılılar”, “Kəndlilər”, “Dağlarda döyüş”) maraqlı obrazlar yaradıb.

15 may 1903 – Əməkdar artist, teatr aktyoru Mirhəsən Miriş oğlu Mirişli (1903-1973) anadan olub.

15 may 1922 – SSRİ Xalq artisti, tanınmış bəstəkar Rauf Soltan oğlu Hacıyev (1922 – 19.9.1995) anadan olub. “Romeo mənim qonşumdur”, “Talelər qovuşanda” və s. operettaların müəllifidir. “Bir qalanın sirri”, “Qara daşlar”, “Əhməd haradadır?” və s. filmlərə musiqi yazıb. Azərbaycan SSR-in mədəniyyət naziri (1965-1971) işləyib.

15 may 1930 – Nasir, dramaturq, ədəbiyyatşünas Altay Yusif oğlu Məmmədov (1930 – 15.7.2003) Gəncədə doğulub. “Kişilər”, “Yadındamı”, “Ulduzlar görüşəndə” və s. pyeslərin müəllifidir.

15 may 1930 – Tanınmış şərqşünas, tərcüməçi Qəzənfər Yusif oğlu Əliyev (1930-1984) Gəncə şəhərində anadan olub.

15 may 1931 – Teatrşünas, sənətşünaslıq doktoru, professor Mahmud Qara oğlu Allahverdiyev (1931-1998) Gürcüstanın Bolnisi rayonunun İmirhəsən kəndində doğulub.

15 may 1946 – Əməkdar mədəniyyət işçisi Xalis Xalid oğlu Məmmədov (1946-2021) Qəbələ rayonunun Bum kəndində doğulub. Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaradıcısı və uzun illər direktoru olub.

 

16 may 1950 – Xalq artisti Arif Əli oğlu Quliyev (1950 – 7.5.2021) Şirvan şəhərində anadan olub. Musiqili Komediya, Milli Dram, İrəvan  teatrlarında işləyib. “Bəxt üzüyü”, “O dünyadan salam” və s. filmlərdə, televiziya tamaşalarında maraqlı rollar oynayıb.

 

17 may 1870 – Görkəmli yazıçı-dramaturq, publisist Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev (1870 – 11.12.1933) Şuşada anadan olub. “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Pəri cadu”, “Ac həriflər” və s. pyeslərin, hekayələrin (“Marallarım” silsiləsi) müəllifidir. Rus dilindən ədəbi tərcümələr edib. Teatr tamaşalarına quruluş verib. Bakı Dövlət Universitetində dərs deyib.

 

18 may 1906 – Filosof alim, professor Mehbalı Məhəmməd oğlu Qasımov (1906-1963) Naxçıvan MR Culfa rayonunun Xoşkeşin kəndində doğulub.

18 may 1933 – Tanınmış ədəbiyyatşünas, biblioqraf, tərcüməçi Əmin Tahir oğlu Əfəndiyev (1933-2014) Qax rayonunun İlisu kəndində doğulub.

18 may 1968 – Əməkdar incəsənət xadimi, aşıq İslam Qara oğlu Yusifov (1893-1968) vəfat edib.

 

19 may 1898 – Xalq artisti, opera müğənnisi Hüseynağa Soltan oğlu Hacıbababəyov (1898 – 10.11.1972) Şamaxıda doğulub. Opera partiyaları ilə yanaşı, muğam və xalq mahnılarının mahir ifaçısı olub.

19 may 1910 – Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev; 1910 – 1.4.1981) Göyçayda doğulub. “Qız qalası”, “Lenin”, “Qızılgül olmayaydı” poemaları, “Rənglər” şeirlər silsiləsi və s. əsərlərin müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib. Azərbaycan Yazıçılar İttifaqının sədri (1938-1939), respublikanın kinematoqrafiya naziri (1945-1948) olub. 

19 may 1935 – Şair və tərcüməçi, Əməkdar incəsənət xadimi Vladimir Əbdüləzim oğlu Qafarov (1935 – 19.7.2000) Sabirabad rayonunda anadan olub. Azərbaycan şairlərinin bir çoxunun əsərləri onun tərcüməsində rusdilli oxuculara təqdim olunub.

19 may 1939 – Tanınmış yazıçı-publisist, türkoloq Əhməd bəy Ağaoğlu (Əhməd bəy Mirzə Həsən oğlu Ağayev; 1869, Şuşa – 1939) İstanbulda vəfat edib. “Kaspi”, “Həyat” qəzetlərinin redaktoru olub. İstanbul Universitetində dərs deyib. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olub. Cümhuriyyətin süqutundan sonra Türkiyədə yaşayıb.

19 may 1959 – Xalq artisti Yeva (Yevgeniya) Nikitiçna Olenskaya (1900-1959) vəfat edib. Qubada doğulub. Azərbaycan dilini yaxşı bilib. 1919-cu ildən Dövlət Dram Teatrının aktrisası olub.

 

Dünya

13 may 1840 – Fransız yazıçısı Alfons Dode (Alphonse Daudet; 1840-1897) anadan olub.

 

14 may 1771 – İngilis filosofu Robert Oven (Robert Owen; 1771-1858) anadan olub.

 

15 may 1567 – İtaliya bəstəkarı Klaudio Monteverdi (Claudio Monteverdi; 1567-1643) anadan olub. Operaları: “Orfey”, “Ariadna”, “Poppeyanın tacqoyması”.

15 may 1891 – Rus yazıçısı Mixail Bulqakov (1891-1940) Kiyev şəhərində doğulub. Əsərləri: “Usta və Marqarita”, “Ağ qvardiya”, “İt ürəyi” (nəsr), “Qaçış”, “Turbinlər ailəsinin günləri”, “Zoykanın mənzili” (dram). Bir sıra əsərləri ekranlaşdırılıb.

 

16 may 1915 – İtaliya kinorejissoru Mario Moniçelli (1915-2010) anadan olub. Filmləri: “Polislər və oğrular”, “Böyük müharibə” və s.

 

17 may Dünya İnformasiya Cəmiyyəti Günüdür (World İnformation Society Day). BMT Baş Assambleyasının 27 mart 2006-cı il tarixli qətnaməsi ilə təsis edilib.

 

17 may 1904 – Fransız aktyoru Jan Qaben (Jean Gabin – Jean-Alexis Moncorge; 1904-1976) anadan olub. “Böyük illüziya”, “Parisin havası” və s. filmlərdə çəkilib.

 

18 may Beynəlxalq Muzeylər Günüdür (İnternational Museum Day). 1977-ci ildə UNESCO yanında Beynəlxalq Muzey Şurasının (İCOM) konfransında təsis olunub.

 

18 may 1048 – Fars (tacik) şairi, filosof, astronom və riyaziyyatçı Ömər Xəyyam (Qiyasəddin Əbu əl Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri; 1048 - 4.12.1131) anadan olub.

18 may 1869 – Ləzgi Xalq şairi, aşıq Süleyman Stalski (Həsənbəyov; 1869-1937) anadan olub.

18 may 1872 – İngilis filosofu, riyaziyyatçı, ictimai xadim, ədəbiyyat üzrə Nobel mükafatı (1950) laureatı Bertran Rassel (Bertrand Arthur William Russell; 1872-1970) anadan olub.

 

19 may 1762 – Alman filosofu Yohann Qotlib Fixte (Johann Gottlieb Fichte; 1762-1814) anadan olub.

Hazırladı:  Vüqar ORXAN