Avropa İttifaqı ölkələri əhalisinin 32-33 faizi koronavirus əleyhinə azı bir doza vaksin əldə edib.

Bu barədə Avropa Komissiyasının nümayəndəsi Dana Spinant məlumat verib. Onun sözlərinə görə, indiyədək Avropa İttifaqı ölkələrinə 237,5 milyon vaksin dozası çatdırılıb və 197 milyon vaksinasiya həyata keçirilib.

Bir müddət öncə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen vaksinasiya kampaniyasının 4,5 ayı ərzində Avropa İttifaqının 27 ölkəsinə 200 milyon vaksin dozası çatdırıldığını, əhalinin 25 faizdən çoxunun isə azı bir peyvənd dozası əldə etdiyini bildirmişdi. Ursula fon der Leyenin vətəni Almaniyada da əhalinin təxminən yarısı (40 milyon nəfər) vaksinasiya olunub.

Avropa Komissiyası iyul ayı ərzində Avropa İttifaqının yetkinlik yaşına çatan əhalisinin 70 faizinin peyvənd olunmasını qarşıya hədəf qoyub.

Avropa İttifaqını tərk etmiş Britaniyada isə əhalinin üçdəbiri (20 milyondan çox) koronavirusa qarşı vaksinin hər iki dozasını qəbul edib. Mayın 17-də ölkədə pandemiya ilə bağlı qaydalar yumşaldılıb. O cümlədən muzeylər və kinoteatrlar fəaliyyətlərini bərpa edib. Həmçinin restoranların daxili məkanlarında da müştərilərə xidmət etməyə icazə verilib. Açıq məkanlarda isə 30 nəfərədək toplaşa, görüşə bilərlər. Eyni zamanda 30 nəfərlik toy və digər mərasimlərin keçirilməsinə icazə verilir. Hər şey qaydasında gedərsə, hökumət tərəfindən iyunun 21-də növbəti yumşaldılma barədə qərar veriləcəyi gözlənilir.