Hər il may ayında bir qrup ziyalıya Azərbaycanın görkəmli şairi Rəsul Rzanın doğum günü (19 may) ilə əlaqədar Beynəlxalq Rəsul Rza mükafatı təqdim edilir. Azərbaycan Yazıçılar Birliyində (AYB) mükafatın növbəti təqdimatı keçirilib.

Əvvəlcə Xalq şairi Rəsul Rzanın və Rəsul Rza Fondunun prezidenti olmuş Xalq şairi Fikrət Qocanın məzarları ziyarət edilib.

AYB-nin sədri, Xalq yazıçısı Anar Fikrət Qocanın Rəsul Rza yaradıcılığına böyük rəğbəti barədə danışıb: “Fikrət Qoca həm sadiq dost, həm də gözəl şair idi. Hər il mükafatla bağlı məsələləri özü həll edirdi. Təəssüf ki, bu gün aramızda yoxdur. Allah Fikrət Qocaya qəni-qəni rəhmət eləsin”.

AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid qeyd edib ki, Fikrət Qoca çox məsuliyyətli və diqqətli insan idi. Hər il mükafatla bağlı məsələlərə də çox həssas yanaşırdı. Onun AYB-nin birinci katibi kimi fəaliyyəti çox səmərəli idi: “Bu gün Fikrət Qoca aramızda yoxdur, amma biz bu ənənəni davam etdiririk. İnanıram ki, Fikrət Qocanın da, Rəsul Rzanın da ruhu şaddır. Allah hər iki şairə rəhmət eləsin”.

Daha sonra tədbir iştirakçıları Rəsul Rzanın məzarını ziyarət ediblər. Rəşad Məcid Rəsul Rzanın ölməz poeziyasından, təkrarsız şəxsiyyətindən danışıb, hətta özünə qarşı haqsızlıqlara da xeyirxahlıqla cavab verdiyini vurğulayıb.

Qələm adamlarından Yusif Nəğməkar və Səyyad Aran Rəsul Rzanın vətənə, torpağa bağlılığı barədə fikirlərini bölüşüblər.

Sonda Xalq yazıçısı Anar müqəddəs şəhərimiz Şuşanın Rəsul Rza üçün də böyük dəyər olduğunu vurğulayıb. Anar bildirib ki, hələ ermənilərin iddiaları təzə-təzə baş qaldıranda Rəsul Rza buna görə çox nigaran idi. Bu gün Şuşamız azad və Rəsul Rzanın da ruhu şaddır.

AYB-nin binasında keçirilən təqdimat mərasimində Nazim Muğanlı, Ramiz Əskər, Xasiyyət Rüstəm, Solmaz Amanova, Elnur Uğur, Hüseyn Sözlü, Damət Salmanoğlu, Nazim Məmmədbəyov, Cavanşir Feyziyev və Nəcməddin Mürvətova Rəsul Rza mükafatı təqdim edilib.

AYB sədri laureatları təbrik edərək onlara yeni yaradıcılıq uğurları arzulayıb.