Lənkəran Regional Mədəniyyət İdarəsi Astara Rayon Tarix-Diyarşünaslıq Muzeyinin Kakalos kənd filialı – folklor evinin həyətində fəxri mədəniyyət işçisi Fərbiyə Şabanovanın təşəbbüsü ilə yeni etnoqrafik guşənin açılışı olub. Guşədə qədim düyü dəyirmanı, eləcə də düyünün çəltikdən ayrılması, gildən hazırlanmış kürədə milli yeməklərin bişirilməsi, təndir və həsirçiliklə bağlı eksponatlar nümayiş etdirilir.

***

Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad nümayəndəliyi, Cəlilabad Rayon Gənclər və İdman İdarəsi, Ombudsmanın Cəlilabad Regional Mərkəzi və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən “İnsan hüquqları aylığı” çərçivəsində “Məişət zorakılığının yaratdığı fəsadlar və effektiv mübarizə tədbirləri. Qanunvericilik: milli və beynəlxalq təcrübə” mövzusunda videokonfrans keçirilib.

***

Kürdəmir Regional Mədəniyyət İdarəsi Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarənin rəisi Faiq Xudanlı və idarənin Xocavənd rayonu üzrə baş məsləhətçisi Ramil Əhmədovun Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza, AYB Beyləqan bölməsinin sədri Fazil Əsəd, regionda yaşayan yazarlarla görüşü keçirilib. Tədbirdən sonra qonaqlar Beyləqan rayon Mərkəzi kitabxanası ilə tanış olublar. X.Rza kitabxanaya “AYB-kitab” layihəsinin nəşrlərini hədiyyə edib.

***

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində şəhər məktəbləri arasında “Heydər Əliyev və bütöv Azərbaycan” adlı bədii qiraət müsabiqəsi keçirilib.

***

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə Saatlı rayon Nəsimikənd kəndində Mədəniyyət evi və Folklor evinin fəaliyyəti ilə tanış olub.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxanası Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anadan olmasının 140 illiyi münasibətilə “Əsrə möhür vurmuş öndər” adlı videokonfrans keçirib.

Tovuz rayon MKS “Sabir Rüstəmxanlı poeziyası” mövzusunda onlayn tədbir təşkil edib. Tədbir Xalq şairinin 75 illiyinə həsr olunub.

***

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə 3-cü sinif şagirdi Nübar Əbdürrəhmanova İtaliyada keçirilən “Gələcəyin ulduzları” adlı onlayn beynəlxalq müsabiqədə I dərəcəli laureat adına layiq görülüb.

Balakən rayon Uşaq incəsənət məktəbinin fortepiano ixtisası üzrə 3-cü sinif şagirdi Özləm Məmmədova Qazaxıstanda keçirilən fortepiano ifaçılarının “Macar rapsodiyası” onlayn beynəlxalq müsabiqəsində I, “Grande Mozart” beynəlxalq müsabiqəsində III yerlərə layiq görülüb. O, həmçinin məktəbin 4-cü sinif şagirdi Fatimə Abdullayeva ilə birlikdə Moskvada keçirilən “Ars Astra” beynəlxalq onlayn festival-müsabiqəsinin isə müsabiqənin diplomantı adını qazanıb. Məktəbin xalq çalğı alətləri şöbəsinin nağara sinfinin şagirdi Sənan Gənzayev isə “Qavaldaş” onlayn IV respublika müsabiqəsində III yeri tutub.

Balakən rayon Heydər Əliyev Mərkəzində “Dəmir yumruq” sənədli filminin təqdimatı olub. Filmdə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur.

Gənclərin İnkişaf və Karyera Mərkəzi Zaqatala nümayəndəliyinin əməkdaşları və bir qrup könüllü Zaqatala rayon Heydər Əliyev Mərkəzini ziyarət edib. Ekskursiya zamanı ziyarətçilər “Dəmir yumruq” filmini izləyiblər.

Qax rayon Heydər Əliyev Mərkəzində rayon məktəblilərindən ibarət auditoriyaya “Ulu öndər” filmi nümayiş olunub. Qax rayon Mərkəzi kitabxanasında Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 151-ci ildönümü münasibətilə “Maarifçi simalarımız” adlı videokonfrans gerçəkləşib. MKS-nin təşkilatçılığı ilə “Gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin aşılanması” mövzusunda onlayn seminar-müşavirə keçirilib.

***

Sumqayıt Regional Mədəniyyət İdarəsi Qubadlı rayon Mahmudlu kənd F.Hüseynov adına Uşaq musiqi məktəbi Fortepiano şöbəsinin 5-ci sinif şagirdi Aylin Əsədli “Yekaterinburq səhifəsinin açılışı” II beynəlxalq onlayn musiqi sənəti və xalq yaradıcılığı müsabiqəsində (Rusiya) iştirak edərək 2-ci dərəcəli laureat adına layiq görülüb.