Prezident İlham Əliyevin sərəncamına əsasən, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi münasibətilə Azərbaycan-Monteneqro mədəni və iqtisadi mərkəzinin direktoru Seyran Mirzəzadə və mərkəzin üzvü, publisist Bojidar Proroçiçin həmmüəllifliyi ilə “Azərbaycanın görkəmli şəxsiyyətləri” kitabı çap olunub.

Monteneqro dilində nəfis tərtibatda nəşr olunan kitabda Azərbaycan tarixində müstəsna xidmətləri olan 31 tanınmış şəxsiyyətin həyatı və fəaliyyəti haqqında geniş məlumat verilib.

Kitabda Azərbaycan xalq ədəbiyyatının qədim söz abidəsi “Kitabi-Dədə Qorqud” dastanından və İkinci Dünya müharibəsində Balkan ölkələrinin alman faşizmindən azad edilməsində qəhrəmanlıq göstərmiş azərbaycanlılardan ibarət 223-cü diviziyanın döyüş yolundan da bəhs edilib.