Ukrayna, Azərbaycan və Qazaxıstan mütəfəkkirlərinin triptix abidəsi hazırlanır

Xarkov şəhərində abadlaşdırılan “Filosoflar meydanı”nda Ukrayna, Azərbaycan və  Qazaxıstanın tanınmış filosoflarına həsr olunmuş abidə-kompozisiyanın təqdimatı keçirilib. Abidənin müəllifi Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanovdur.

Qazaxıstanın Xarkovdakı fəxri konsulu, azərbaycanlı Emin Nəcəflinin maliyyə dəstəyi ilə gerçəkləşən kompozisiya Azərbaycanın görkəmli maarifçi və mütəfəkkiri, dramaturq Mirzə Fətəli Axundzadəyə, qazax şairi və mütəfəkkiri Abay Kunanbayevə və ukraynalı filosof Qriqori Skovorodaya həsr olunub.

Abidənin layihəsinin təqdimatında Qazaxıstanın Ukraynadakı səfiri Darxan Kaletayev, Xarkov merini əvəz edən İqor Terexov, Qazaxıstanın Xarkovdakı fəxri konsulu Emin Nəcəfli, Xarkov Diplomatik Klubunun fəxri prezidenti Sergey Çernov iştirak ediblər. Təqdimat zamanı abidənin layihəsi ilə bağlı təkliflər səsləndirilib. Kompozisiyanın yerləşəcəyi “Filosoflar meydanı”nda hazırda abadlaşdırma işləri aparılır.

Səfir Darxan Kaletayev bildirib ki, hər üç mütəfəkkirin obrazı milli çalarda, gələcək nəsillərə ötürüləcək düşüncə ilə çatdırılıb.

“Fəxri konsulumuzun abidəni ucaltmaq təklifinin şəhər rəhbərliyi tərəfindən müsbət qarşılanmasından çox məmnunam. Üstəlik, bu fərdi bir qəhrəmana deyil, üç böyük mütəfəkkirə həsr olunmuş abidədir. Abidə Qazaxıstan, Azərbaycan və Ukrayna arasında körpü rolunu oynayacaq”, – deyə diplomat bildirib.

Xarkov merini əvəz edən İqor Terexov isə qeyd edib ki, abidə kompleksi şəhərin gözəlliyinə töhfə verəcək, turistlər üçün cəlbedici məkan olacaq.