Azərbaycan Teatr Xadimləri İttifaqında 28 May – Respublika Günü münasibətilə bir qrup mədəniyyət xadiminə fəxri fərmanlar təqdim olunub.

İttifaqın sədri, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək vurğulayıb ki, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında mədəniyyət və incəsənətin böyük hamisi, ümummilli lider Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı tarixi Qələbədən söz açan Azərbaycan Teatr Xadimləri İttifaqının sədri deyib ki, işğaldan azad edilmiş torpaqlarımızda – Şuşada, Ağdamda, Füzulidə teatrlarımız bərpa ediləcək və doğma yurdda fəaliyyətlərini davam etdirəcəklər.

Şuşada keçirilən möhtəşəm “Xarıbülbül” musiqi festivalında iştirakından qürur duyduğunu söyləyən Azər Paşa Nemətov təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb: “Şuşada keçirilən möhtəşəm “Xarıbülbül” musiqi festivalı Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbənin davamı olan  uğur hekayəsi kimi səciyyələndirilməlidir. Səslənən hər bir musiqi parçasından xəyalən Vətən torpağının seyrinə daldıq, ruhumuz pərvazlandı, azərbaycanlı olmağın ən xoş anlarını yaşadıq...”.

Mükafata layiq görülənləri təbrik edən Azər Paşa Nemətov onlara yeni yaradıcılıq axtarışlarında uğurlar arzulayıb.