Orta əsrlər Azərbaycan memarlığından bəhs edilərkən yada düşən sənətkarlardan biri də Təbrizli Memar Əlidir. O, sənətkar kimi Təbrizdə yetişsə də, əsasən Osmanlı dövlətində fəaliyyət göstərib, bu gün də möhtəşəmliyini itirməyən memarlıq nümunələri yadigar qoyub.

Ələddin Əli bəy oğlu Əbdülkərimin təvəllüd tarixi haqda əldə səhih məlumat olmasa da, onun Təbriz şəhərində dünyaya göz açdığı və burada təhsil aldığı məlumdur. Türk qaynaqlarında qeyd edilir ki, Orta əsrlərin məşhur sənət xadimi olan Təbrizli Əli Osmanlı dövlətində Əcəm Əli, Əsir Əli və Memar Əli kimi də tanınıb.

Onun bir memar kimi şöhrət tapması Səfəvi dövlətinin iqtisadi, mədəni cəhətdən inkişaf etdiyi dövrlərə təsadüf edib. Araşdırmalarda bildirilir ki, Memar Əlinin Osmanlı dövlətinə gedişi Çaldıran döyüşündən (1514) sonrakı tarixə təsadüf edir. Tarixdən məlumdur ki, Sultan Səlim Çaldıran döyüşündə qalib gəlir. Təxminən bir həftə Təbriz şəhərində qalır. O, geri dönərkən xeyli azərbaycanlı sənətkarı özü ilə İstanbula aparır. Sonra həmin sənətkarların kimliyi araşdırılır. Bir müddət sonra Memar Əli Sultan Səlim  tərəfindən Osmanlı dövlətinin baş memarı təyin edilir. O, ilk dəfə olaraq klassik Osmanlı memarlığı ilə Səfəvi üslubunu birləşdirir və “toplu plan” adlandırılan memarlıq üslubunun əsasını qoyur. Onun bu özünəməxsus arxitektura üslubundan sonra orijinallığı və möhtəşəmliyi ilə fərqlənən, Türk-İslam mədəniyyətinin ayrılmaz hissəsinə çevrilən Osmanlı dövrünə aid tikililər ortaya çıxır.

Tədqiqatlarda bu üslubun özünəməxsusluğu haqqında qeyd olunur ki,  binanın böyüklüyü və tarazlığına görə bir neçə günbəz və ya yarımgünbəzin daha böyük mərkəz günbəzdə birləşdirilməsi yolu ilə, sütun və ya dayaq hörgülərinə ehtiyac olmadan, sahəsi geniş salonlu binaların inşa edilməsi mümkün olub. Bundan sonra klassik Osmanlı memarlıq əsərlərindən fərqlənən, eyni zamanda bu dövlətin Orta əsrlərdəki inkişafı ilə səsləşən saraylar, çoxminarəli məscid və mədrəsə kompleksləri inşa edilir. Memar Əlinin ilk dəfə tətbiq etdiyi bu üsulu daha sonra məşhur Osmanlı arxitektoru Memar Sinan inkişaf etdirib.

Bəzi mənbələrdə bir çox tədqiqatçılar bu ardıcıllığı qarışdırır və “toplu plan” memarlıq üslubunun ilk dəfə Memar Sinan tərəfindən tətbiq edildiyini göstərirlər. Bununla da Memar Əlinin inşa etdirdiyi bir çox abidə səhvən Memar Sinana aid edilir. Memar Əli tərəfindən inşa edilən Gəbzə şəhərindəki Çoban Mustafa paşa məscidi və İstanbulun Sultan Əhməd səmtindəki İbrahim paşa sarayı Memar Sinanın əsərləri kimi təqdim olunur. Ancaq Memar Sinan, sadəcə, bu binaları öz dövründə təmir edib.

Mütəxəssislər üslub və memarlıq xüsusiyyətlərinə görə Memar Əliyə aid edilən, lakin kitabəsi olmayan xeyli əsərin olduğunu da qeyd edirlər. Bu sırada vaxtilə Osmanlının idarəsində olmuş Sarayevo şəhərində (Bosniya və Herseqovina) Qazi Xosrov bəy külliyyəsi (məscid, mədrəsə, mehmanxana, hamam və sairdən ibarət kompleks), Sofiyada (Bolqarıstan) Kadı Seyfəddin, eləcə də Türkiyənin Manisa şəhərində Sultan, Trabzonda Xatuniyyə, Konyada Sultan Səlim, Çorluda Süleymaniyyə, Tekirdağın Saray qəsəbəsində Ayaz paşa, İstanbulda Bali paşa, Cəzəri Qasım, Piri Məhmət paşa məscidləri və Topkapı Sarayında Babüs-Salamlıq bölməsi və s. göstərmək olar.

Memar Əlinin özünün tikməsi şübhə doğurmayan (kitabəsində qeydi olan) memarlıq əsərləri isə İstanbulda Sultan Səlim məscidi və şəhərin Şəhrəmini bölgəsində öz vəsaiti ilə ərsəyə gətirdiyi Memar Əcəm məscididir.

Tarix üzrə fəlsəfə doktoru Bilal Dədəyev araşdırmasında yazır ki, Memar Əli təxminən 23 il Osmanlı dövlətinin baş memarı olub. Görkəmli sənətkar bu məsuliyyətli vəzifəni Sultan Səlim və Qanuni Sultan Süleymanın dövrlərində icra edib. Onun vəfat tarixi ilə bağlı mənbələrdə səhih məlumat yoxdur. Ancaq öz vəsaiti ilə tikdirdiyi Memar Əcəm məscidinin 20 mart 1537-ci il tarixli vəqf sənədindən onun bu tarixdə həyatda olduğunu bilmək olur. Bu tarixdən sonra qaynaqlarda haqqında heç bir məlumat yoxdur. 1538-ci ildə isə Memar Sinan Osmanlı dövlətində baş memar olaraq işə başlayıb. Tədqiqatçılar bu faktı əsas götürərək Təbrizli Memar Əlinin 1538-ci ildə vəfat etdiyi fikrini irəli sürürlər.

Savalan FƏRƏCOV