Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, kinorejissor Rüfət Həsənov S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda (ÜDKİ) olub.

Şöbə müdiri ÜDKİ-nin rektoru Vladimir Malışevlə görüşüb. Görüşdə ÜDKİ-nin birinci prorektoru İrina Zernova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tatyana Tursunova da iştirak ediblər.

Rüfət Həsənov bildirib ki, bir neçə il öncə ÜDKİ-nin Beynəlxalq yay Kino məktəbində iştirak etməsini xoş hisslərlə xatırlayır. Qeyd edib ki, bu təcrübə onun peşəkar karyerasının başlanğıcı olub. R.Həsənov ÜDKİ-nin növbəti Beynəlxalq yay kino məktəbinin Bakıda keçirilməsi ilə bağlı təkliflə çıxış edərək, Rusiya ilə Azərbaycan arasında kino təhsili sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Kinematoqrafiya sahəsində milli kadrların hazırlanması, ÜDKİ-də vaxtilə bir sıra azərbaycanlı aktyorların da sənətin sirlərini öyrəndiyi məşhur Aleksey Batalovun emalatxanasının ənənələrinin dirçəldilməsi məsələləri də müzakirə olunub.

Görüşün nəticələrinə görə, gələn il üçün müxtəlif ixtisaslar üzrə ÜDKİ-yə müxtəlif millətlərə mənsub olan tələbələrin qəbulu məsələlərinin ətraflı öyrənilməsi barədə razılıq əldə edilib.

Sonda rektor V.Malışev R.Həsənova ÜDKİ-nin 100 illik yubileyi ilə əlaqədar buraxılmış xatirə medalını təqdim edib.

Görüş Azərbaycanın Rusiyadakı səfirliyinin köməkliyi ilə təşkil olunub.