Gürcüstan Hökumətinin Dövlət İdarələrarası Koordinasiya Şurası iyunun 1-dən ölkənin quru sərhədlərinin açılması barədə qərar qəbul edib.

Şuranın əməliyyat heyətinin rəhbəri Giorgi Gibradze bildirib ki, sərhədi keçmək tam peyvəndləmə sertifikatı, yaxud son 72 saat ərzində verilmiş və nəticəsi neqativ olan koronavirus testi ilə bağlı arayış sayəsində mümkün olacaq.

“Gürcüstana daxil olan şəxslərə COVİD-lə əlaqəli hadisələri də əhatə edən tibbi sığortaya malik olmaq tövsiyə edilir.

Gürcüstanın quru sərhədlərinin açılması ilə Türkiyənin Ərdəhan bölgəsi ilə sərhəddə bir ildir bağlı olan Türkgözü və Çıldır gömrük-keçid məntəqələri də fəaliyyətə başlayacaq.

Ərdəhan Ticarət və Sənaye Palatasının başqanı Çetin Demirci  bildirib ki, hər iki gömrük-keçid məntəqəsi ilə qarşılıqlı gediş-gəliş koronavirusla bağlı neqativ PCR testi ilə COVİD-19 əleyhinə peyvənd arayışının təqdim olunması əsasında gerçəkləşəcək. Bundan başqa, hər iki sərhədi keçən vətəndaşlar olduqları ölkədə səfərin 3-cü günü yenə də koronavirus testi verməlidirlər.