Qarabağda böyük bərpa və şəhərsalma layihələri Ağdamdan başlayır

 

İşğal dövründə Ağdam şəhərinin dağıntılarını, o şəhərin bir hissəsini mən təmas xəttində dəfələrlə olarkən binokl ilə görürdüm. Hər dəfə təmas xəttində olarkən və bu dağıntıları uzaqdan seyr edərkən öz-özümə deyirdim ki, biz mütləq qayıdacağıq. Nəyin bahasına olursa-olsun, qayıdacağıq. Tarixi ədaləti bərpa edəcəyik. Düşməni torpağımızdan qovacağıq və buna nail olduq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri mayın 28-də Ağdam şəhərinin bərpasının təməlinin qoyulması və şəhərin Baş Planının təqdimat mərasimində deyib.

Mərasimdən əvvəl dövlət başçısı Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

“Bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu Baş Plan mənə təqdim edilmişdir. Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu gün bu gözəl mərasimi keçirək”, – deyə İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, bu mərasim üçün başqa vaxt da müəyyən oluna bilərdi: “Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq”.

Ağdamın işğal dövründə rayon ərazisində doqquz dəfə olduğunu deyən dövlət başçısı bildirib ki, ötən illərdə rayonun mərkəzi kimi seçilmiş Quzanlı qəsəbəsində və digər kəndlərdə müxtəlif sosial və infrastruktur layihələri icra edilib, məktəblər, Muğam Mərkəzi, uşaq xəstəxanası, mərkəzi rayon xəstəxanası, Olimpiya Mərkəzi inşa olunub: “Bir sözlə, işğal dövründə Ağdam rayonunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. Ağdamdan olan məcburi köçkünlərlə dəfələrlə görüşlər əsnasında deyirdim ki, torpaqlarımız, Ağdam şəhəri və bütün rayon azad olunandan sonra daha da gözəl şərait yaradılacaq. Bu gün sizə təqdim ediləcək Ağdam şəhərinin Baş Planı bu sözümün təsdiqidir. Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”.

Prezident vurğulayıb ki, İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əzmini, iradəsini bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaq. Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq.

Dövlət başçısı bildirib ki, bu gün həm bayram, həm də tarixi gündür: “Çünki bu gün azad edilmiş torpaqlarda birinci Baş Plan artıq təsdiqlənir. İndi Şuşa şəhərinin Baş Planı hazırlanır, artıq bir müddətdən sonra təsdiqlənəcək. Füzuli şəhərinin, Cəbrayıl şəhərinin, digər şəhərlərin Baş Planları üzrə iş gedir. Amma birinci Baş Plan, bax, burada təsdiqlənəcəkdir. Artıq bir neçə tədbir keçirildi. Ağdam şəhəri üçün çox önəmli olan 1 saylı məktəbin təməli qoyuldu. Siz yaxşı bilirsiniz ki, bu məktəbin çox böyük tarixi var, 140 illik tarixi var. Gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyuldu. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir. Eyni zamanda, mənim göstərişimlə Bərdə-Ağdam dəmiryolunun və dəmiryolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası mənə təqdim edildi. Yer seçildi və həm Zəfər, həm İşğal muzeyləri çox möhtəşəm olacaq. Digər obyektlər, digər tədbirlər, böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində böyük bir meşə zolağı olacaq – 125 hektarlıq. Süni göl yaradılacaq, kanallar, körpülər. Şəhərin müasir standartlara, müasir tələblərə uyğun inkişaf planı artıq tam işlənib hazırlanıb”.

Prezident daha sonra deyib: “Bilirsiniz ki, müharibə dövründə birinci Cəbrayıl rayonu işğaldan azad olunmuşdur. Mən bunu xalqa çatdırandan sonra fikirləşdim, yəqin ki, mənim həyatımda ən xoşbəxt günlərimdən biridir.

Çünki birinci rayonu tam azad etmək, işğalçılardan tam təmizləmək doğrudan böyük tarixi hadisə idi və xalqımıza, ordumuza əlavə ruh verdi, inam verdi. Ondan sonra Füzuli, ondan sonra Hadrut, ondan sonra Murovdağ, Suqovuşan, Zəngilan, Qubadlı. Hər dəfə öz-özümə deyirdim ki, ən xoşbəxt günlərimi yaşayıram. 10 noyabr – Ermənistanın kapitulyasiya aktı... Ondan sonra yanvarın 14-də Şuşada birinci dəfə olarkən özümə dedim ki, ən xoşbəxt günlərimi yaşayıram. Bu gün də eyni sözləri deyirəm. Əminəm ki, bizim xalqımızın həyatında bundan sonra belə xoşbəxt günlər çox olacaq. Xalqımız xoşbəxt olsun. Tezliklə doğma Ağdamı bərpa edək, vətəndaşları qaytaraq və bu gözəl diyarımız olan Qarabağ torpağında əbədi yaşayaq”.

Sonra dövlət başçısına və mərasimdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələrinə Ağdam şəhərinin Baş Planı təqdim olunub. Bildirilib ki, plan hazırlanarkən rayonun işğaldan azad olunmuş 70 min 900 hektarlıq hissəsinə baxılıb, eyni zamanda, onun coğrafi şəraiti nəzərdən keçirilib, iqlim şəraiti, gələcək kənd təsərrüfatı imkanları əks etdirilib. Bunun əsasında birinci mərhələ üçün 71 kəndi daha rahat, daha uyğun qurmaq üçün 33 kənd layihələndirilib. Plana əsasən, bəzi kəndlər birləşəcək. O cümlədən Ağdam şəhərinin yaxınlığında yerləşmiş səkkiz kəndin şəhərə birləşdirilməsi nəzərdə tutulur. Hər bir fərdi təsərrüfat 18 sot torpaq – həyətyanı sahə müəyyən olunub.

Qeyd olunub ki, Ağdam şəhərinin əhalisi işğaldan öncə 36 min nəfər olub. Birləşdirilən kəndlərlə və əhalinin artımı da nəzərə alınarsa, hazırda 50 mindən yuxarıdır. Prezidentin tapşırığına uyğun olaraq, şəhər 100 min nəfər əhali üçün planlaşdırılıb və planda Ağdamın həm böyük sənaye, həm də turizm şəhəri kimi inkişafı nəzərdə tutulub. Vaxtilə Ağdam şəhərinin ərazisi 700-800 hektar olub. Yeni planda şəhər ərazisi üçün 1750 hektar sahə ayrılıb. Sənaye zonası, nəqliyyat zonaları, yüksəkmərtəbəli binalar, yaşıllıq sahələri, o cümlədə 125 hektarlıq Mərkəzi park, digər turistik və istirahət məkanları – hamısı vəhdətdə götürülüb. Əhalinin 70 faizi binalarda, 30 faizi fərdi evlərdə yaşayacaq. 100 min əhali üçün 1750 fərdi ev, 23 min mənzil nəzərdə tutulur. Ağdamda Qarabağ Universitetinin yaradılması nəzərdə tutulur. Universitetdən əlavə, xüsusi orta təhsil müəssisələri və liseylər yaradılacaq və Ağdam Qarabağın təhsil mərkəzi olacaq. Həmçinin müxtəlif mədəniyyət obyektləri inşa ediləcək. Şəhər nəqliyyatı əsasən elektriklə işləyəcək trolleybus və relssiz tramvaylardan ibarət olacaq. Şəhərin içərisində sahilboyu park və istirahət guşələri olacaq kanalın çəkilməsi də nəzərdə tutulur. Ağdamda 30 min nəfərlik stadion da tikiləcək. Planda şəhərin ətrafı elə qurulub ki, şimala doğru ətrafında bağlar salına-salına Şahbulaq qalasına və Xaçınçaya qədər, oradan da yeni yaradılacaq atçılıq zavodunun yerləşəcəyi Eyvazxanbəyli kəndinə gedib çıxacaq. Ağdama gələn qonaqlar Şahbulağı seyr edə biləcək, qalanın daxilində muzeylər qurulacaq. Bu həm də mədəni turizm marşrutu olacaq.