Bakı Xoreoqrafiya Akademiyasında (BXA) 28 May – Respublika Gününə həsr olunmuş konsert proqramı keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra BXA tələbələrinin ifasında rəqs parçaları ifa olunub.

BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli çıxış edərək hər kəsi Respublika Günü münasibətilə təbrik edib, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışıb.

Qeyd olunub ki, 1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika və demokratik dövlət nümunəsidir. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası özünü 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi elan edib və dövlət müstəqilliyimiz bərpa olunub.

Sonda Ə.Qarayusifli Şuşa şəhərində keçirilən “Xarıbülbül” musiqi festivalında iştirak etmiş BXA-nın müəllim və tələblərinə fəxri diplomlar təqdim edib.

Tədbir BXA müəllim və tələblərinin ifasında SSRİ Xalq artisti Müslüm Maqomayevin “Azərbaycan” mahnısının səslənməsi ilə yekunlaşıb.