İyunun 3-də “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “ARTIM Lab-2021” proqramı iştirakçılarının “Dalğıc: duyğusal mənaların yeddi qatı” adlı sərgisi keçiriləcək.

Sərgidə Elmira Babayeva, Səidə Quluzadə, Ayna Moazzen, Səbinə Mehdiyeva, Ləman Məmmədova, Nəzrin Məmmədova, Rəfiqə Novruzlu, Marta Ramazan, Nərgiz Səmədova, Nigar Səfərova və Şəbnəm Vəliyevanın əsərləri nümayiş olunacaq.

“YARAT”dan bildirilib ki, proqramın ilk studiya sərgisində iştirakçıların budəfəki mentoru olan Cahangir Səlimxanov ilə silsilə görüşlərin yaradıcılıq nəticələri təqdim edilir.

“Nəzirə” konsepsiyası altında keçirilmiş seminar, yeni yaradıcı layihələrin digər incəsənət əsərindən götürülən hər hansı bir elementdən bəhrələnərək ərsəyə gətirilməsinə həsr edilib. “Nəzirə” – Şərq poeziyası ənənələrində istənilən sənətkarın əsərinin təsiri altında yazılmış “cavab” əsəridir.

Məşğələlərin məqsədi nümunə olaraq seçilmiş Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına ən müxtəlif vasitələrlə, hətta qeyri-adi tərzdə və formatda “nəzirələr” (ithaf, cavab) yaratmaq idi.

İştirakçılara əsəri oxuyub, özləri üçün hər hansı süjet səbəbi (motivi), məcazı (metaforası), təsviri, hətta dolayı məlumatı – astronomiya, sosial zümrələr, sevgi ifadəsinə dair ədəb, astrologiya, saray əyləncələri, mədəni coğrafiya, landşaft memarlığına və digər mövzulara aid edilən elementi seçmək, həmin “mənimsədilmiş” materialın rəssamların öz bədii təxəyyüllərinə hansı şəkildə təkan verə biləcəyi barədə düşünmək təklif olunmuşdu. Sərgi həmin prosesin nəticələrini izləmək və qədim dövrdən gələn ədəbi abidəyə müasir yaradıcı şəxslərin yanaşmasını duymaq imkanı yaradır.