Qırğızıstanın “Piramida” dövlət televiziya kanalının “Dostluq körpüsü” proqramında 28 May – Respublika Günü münasibətilə rus dilində veriliş yayımlanıb. Proqramın aparıcıları soydaşlarımız – tanınmış jurnalistlər Hökumə Xəlilova və Ramiz Məşədihəsənli olub.

Proqramda Azərbaycan Xalq Cümhuriyyətinin  tarixi haqqında məlumat verilib. Qeyd olunub ki,1918-ci il mayın 28-də Azərbaycanda müsəlman Şərqində ilk demokratik respublika yaranıb. Cümhuriyyət çətin ictimai-siyasi dövrdə cəmi 23 ay fəaliyyət göstərsə də, Azərbaycanın tarixində şanlı iz qoyub. 1918-ci il dekabrın 7-də müsəlman dünyasında ilk olan Azərbaycan Parlamentinin açılışı olub.

Verilişdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi, Azərbaycan torpaqlarının azad olunması haqqında da məlumat verilib.

Qırğızıstan Parlamentinin deputatı Sultanbek Anarbayev Azərbaycan dövlətinin uğurlu xarici siyasəti, Qırğızıstan-Azərbaycan əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb, xalqımızı Respublika Günü münasibətilə təbrik edib.