Ölkəmizdə təhsil alan əcnəbi tələbələrin işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri təşkil edilib. Təhsil və Müdafiə nazirlikləri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan səfərdə 16 ali təhsil müəssisəsində təhsil alan 31 ölkədən 40 əcnəbi tələbə iştirak edib.

Səfər çərçivəsində tələbələr Füzuli rayonunda erməni vandalizminə məruz qalmış qədim məscid, qəbiristanlıq, işğalçıların dağıntılarından yalnız bir divarı qalmış qəzet redaksiyası binasının xarabalığında olublar.

Cəbrayıl rayonunda əcnəbi gənclər Araz çayı üzərindəki tarixi Xudafərin körpüsü, burada inşa edilən su elektrik stansiyası, Cəbrayıl şəhərindəki “Dostluq bulağı”, vaxtilə şəhərin mərkəzinin möhtəşəm görüntüsü olmuş, işğal dövründə barbarcasına kəsilmiş səkkiz əsrlik çinarın kötüyü, yay kinoteatrının qalıqları və digər dağılmış, yerlə yeksan olmuş məkanlara baş çəkiblər. Cəbrayıl rayonunda xidmətdə olan əsgər və zabitlərlə görüş keçirilib.

Səfər zamanı əcnəbi tələbələr tərəfindən böyük ölçüdə Azərbaycan bayrağı açılıb və “Qarabağ Azərbaycandır!” şüarı səsləndirilib.

Qarabağın Azərbaycan üçün əhəmiyyətini, bölgənin tarixi və zəngin mədəni irsini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə “Nargis” jurnalının Qarabağ mədəniyyətinə və tarixinə həsr olunmuş “Karabakh is Azerbaijan” adlı xüsusi buraxılışı əcnəbi tələbələrə təqdim edilib. Sonda xatirə şəkli çəkdirilib, əcnəbi tələbələrin təəssüratları dinlənilib.