Dövlət Turizm Agentliyinin (DTA) tabeliyindəki “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu, Şəki Tarix-Diyarşünaslıq Muzeyi və “Kiş” Tarix-Memarlıq Qoruğunda Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunmuş tədbirlər keçirilib.

DTA-dan bildirilib ki, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda Abşeron rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Qala” rəqs qrupu, məktəblilərin nağara və saz musiqi qruplarının, Bakı Anadolu liseyinin rəqs qrupunun çıxışları olub.

“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu tərəfindən Şəki Xan sarayında uşaqlar üçün əyləncəli tədbir təşkil olunub. Bayram tədbirinin iştirakçıları arasında şeir müsabiqəsi və müxtəlif oyunlar keçirilib, qaliblərə hədiyyələr təqdim olunub.

“Kiş” Tarix-Memarlıq Qoruğunu ziyarət edən qonaqlar isə yerli sənətkarlarla yanaşı, 1 nömrəli tam orta məktəbin şagirdi Nuranə Hüseynovanın əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Şəki Tarix-Diyarşünaslıq Muzeyində “Dünyanı uşaqlara verək” adlı xüsusi guşə yaradılıb. Balacalar üçün əyləncəli tədbirlərlə yanaşı, maarifləndirici məlumatlar da təqdim olunub.