Əziz Qarayusifli: “Rus balet məktəbi dünyada məşhurdur və bu sahədə əməkdaşlığı genişləndirmək istəyirik”

Xəbər verdiyimiz kimi, 23-26 may tarixində Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Rusiya Federasiyasında səfərdə olub. Nümayəndə heyətinə nazirliyin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov və Bakı Xoreoqrafiya Akademiyasının tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli daxil idi. Nümayəndə Heyətin müvafiq sahələr üzrə görüşləri keçirilib.

Bakı Xoreoqrafiya Akademiyasının tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli ilə görüşüb səfərin nəticələri ilə bağlı fikirlərini öyrəndik.

 

– Əziz müəllim, səfərin ab-havasını necə dəyərləndirirsiniz?

– Mən Sankt-Peterburq Mədəniyyət Forumunda iki dəfə iştirak etmişəm, mühazirələr oxumuşam. Rusiyalı sənət adamları ilə tez-tez ünsiyyətdə oluruq. Budəfəki səfərimizin ab-havasında bir özəlliyi də hiss etdik. Bu da Vətən müharibəsində Qələbəmizlə bağlıdır. Artıq bizə qalib xalqın nümayəndələri kimi yanaşırlar. Bu da, sözsüz ki, adamda fərqli duyğular yaradır.

 

– Görüşlər barədə nə deyərdiniz?

– İlk görüşümüz Rusiya Teatr Sənəti İnstitutunda (GİTİS) oldu. Bizi rektor Qriqori Zaslavski qəbul etdi. Səfərimiz institutda qəbul imtahanlarına təsadüf edirdi. Görüşümüz zamanı birgə layihələrin reallaşdırılması, tələbə-müəllim mübadiləsi, qarşılıqlı ustad dərslərinin keçirilməsi kimi mövzuları müzakirə etdik. Onu da qeyd edim ki, GİTİS-də kafedralardan birinin müdiri həmyerlimiz Elşən Məmmədovdur. O, çox böyük nüfuza malik insandır, burda özünün fərdi teatrı var, bir sıra önəmli dərsliklərin müəllifidir. Elşən Məmmədov mayın 24-də bizi “Mossovet” Teatrında prodüseri olduğu “Yalnız qadınlar üçün” tamaşasına da dəvət etdi. Bu, üç saat davam edən möhtəşəm səhnə əsəridir.  Artıq müəyyən müddət səhnədə olmasına baxmayaraq, tamaşa hər dəfə anşlaqla keçir. Elşən Məmmədov bizə hər zaman birgə əməkdaşlığa açıq olduqlarını dedi. Teatr tamaşalarının quruluşunda, əsasən də prodüserlik sahəsində təcrübələrini bizimlə bölüşməyə hazır olduqlarını bildirdi. Bilirsiniz ki, bizdə mədəniyyət sahəsində menecmentlik, demək olar, inkişaf etməyib. Bakı Xoreoqrafiya Akademiyasında bizim belə bir şöbə var və biz yaxın gələcəkdə həmyerlimizi dəvət edərək təcrübəsini bölüşməsini istərdik.

Onu da əlavə edim ki, Moskvada yaşayan tanınmış sənətçi soydaşlarımızla ayrıca görüşümüz də oldu. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin Humanitar proqramlar şöbəsinin rəhbəri, fəlsəfə elmləri doktoru Tamilla Əhmədova bizi Arbat küçəsində  yerləşən “Caspian Center”də Azərbaycan guşəsinə dəvət etdi. Bu guşə çox gözəl təşkil edilib. Azərbaycanın aqrar sahədən tutmuş, sənət və milli mətbəxinə qədər burada tanış olmaq mümkündür.

 

– Bildiyim qədər, BXA-nın Qnesinlər adına Rusiya Musiqi Akademiyası ilə əməkdaşlıq müqaviləsi var. Orada görüşünüz oldumu?

– Bəli, bizim onlarla əməkdaşlığa dair müqaviləmiz var. Lakin görüşümüz alınmadı. Səbəbi isə, nə qədər qəribə görünsə də, bizim Zəfərimizlə bitən Vətən müharibəsi ilə bağlıdır. 44 günlük müharibədə biz sənət adamları olaraq susa bilməzdik və sosial şəbəkələrdə çoxlu vətənpərvərlik ruhlu paylaşımlarımız olmuşdu. Rusiya Musiqi Akademiyasındakı həmkarlarımız da, yumşaq desək, sənət siyasətə qarışmamalıdır prinsipini əsas tutdular... Lakin akademiyanın təşəbbüsü ilə yaradılan MDB ölkələrinin musiqi, təhsil, mədəniyyət və incəsənət sahələrinin əməkdaşlıq üzrə baza təşkilatı – İctimai Şurasının rəhbərliyi  ilə görüşdüm. Onlar Moskvada “Qafqaz xalqlarının festivalı” adlı tədbir keçirmək təşəbbüsünü irəli sürdülər. Mən bunun yalnız dövlətimizin razılığı ilə gerçəkləşə biləcəyini vurğuladım. Görüş zamanı gənclər təşkilatları ilə əlaqələrlə bağlı məsələləri də müzakirə etdik. Bu günün gəncliyinin yeni ideya və düşüncələrini nəzərə almaq mütləqdir. Biz hətta bu yaxınlarda qərar qəbul etdiyimiz zaman tələbələrin də fikrini eşitmək məqsədilə BXA-nın Elmi şurasına gənclər təşkilatımızın rəhbərini də daxil etdik. Hazırda yuxarıda adını qeyd etdiyim təşkilatla biz gənclər siyasəti ilə bağlı layihələr də reallaşdırmaq niyyətindəyik.

 

– Moskvada tanınmış bəstəkar, pedaqoq Fərəc Qarayevlə də görüşünüz olub...

– Moskva Dövlət Konservatoriyasının professoru, Azərbaycanın Xalq artisti  Fərəc Qarayevlə görüşümüz nazirliyin şöbə müdiri Fərəh Acalovanın iştirakı ilə oldu. Bilirsiniz ki, xeyli müddət çalışdığım Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi mənim üçün çox doğmadır. Məktəb üçün çoxlu kitablar da gətirmişəm. Fərəc müəllimlə müasir musiqi festivalları ilə bağlı fikirlərimizi bölüşdük. Çağdaş dövrdə festivalların yeni forma və məzmunları, yeni yanaşmalar söhbətimizin əsas mövzusu oldu. O, bu yöndə gələcəkdə əlindən gələn bütün köməkliyi göstərməyə hazır olduğunu vurğuladı. Əsas onu qeyd edim ki, ənənəvi Üzeyir Hacıbəyli festivalının forma və standartının yenilənməsi ilə bağlı da söhbətimiz oldu. Bakı Xoreoqrafiya Akademiyasında Musiqi şöbəsi də fəaliyyət göstərir və bu sahədə Fərəc müəllimin dəstəyinə hər zaman ehtiyac duyulur.

 

– Müğənni və gitaraçı soydaşımız Emil Qədirovun Moskvada fəaliyyət göstərən musiqi məktəbinin Bakı filialı təşəbbüsü reallaşa bilərmi?

– Emil Qədirovun “Music way” məktəbi Moskvanın mərkəzində – Mixail Bulqakovun Ev-Muzeyinin yerləşdiyi binada fəaliyyət göstərir. Məktəbin Rusiyanın müxtəlif mərkəzlərində filialları mövcuddur. Şagird sayı da yetərincə çoxdur. Məktəbin Bakıda filialının açılması da arzuolunan haldır. Emil Qədirovun məktəbində fəaliyyət göstərən müəllimlərin Bakıda ustad dərsləri aparması ilə bağlı fikir mübadiləmiz oldu. Yeri gəlmişkən, ötən il Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri Emil Qədirovla birlikdə Rusiyanın “Səs” musiqi layihəsində çıxış etmişdilər. Bu dəfə də layihədə ölkəmizdən ən istedadlı uşaqlar seçilərək iştirak edəcək.

 

– GİTİS-in Xoreoqrafiya kafedrasının müdiri, həmyerlimiz Vitali Axundovla əməkdaşlıq nəzərdə tutulurmu?

– Vitali Axundovla görüşümüz də məhsuldar oldu. Bilirsiniz ki, o, 1989-cu ilə qədər Bakıda Dövlət Opera və Balet Teatrında çalışıb. Azərbaycanın və Rusiyanın Əməkdar artisti olan sənətkar “Rus baleti” Teatrının art direktoru, duet, klassik rəqsin, metodika və kompozisiyası üzrə bir neçə əsərin müəllifi və bir çox beynəlxalq müsabiqələrin laureatıdır. Xoreoqrafiya fakültəsinin tələbələrindən ibarət teatrı da fəaliyyət göstərir. Onlar hər il dünyanın bir çox ölkələrində qastrol səfərlərində olurlar. Tələbələr üçün bu teatrda hər bir imkan yaradılıb. Bizim də akademiyanın tərkibində teatr açmaq fikrimiz var. Vitali Axundovun təcrübəsindən yararlanmaq, tətbiq etmək yaxşı olardı. Eyni zamanda Bakı Xoreoqrafiya Akademiyasını bitirən gənclər üçün teatrın olması onların iş tapmaq kimi problemini də aradan qaldırmış olar, öz istedad və bacarıqlarını daha geniş nümayiş etmək imkanı qazandırar.

Görüş zamanı Vitali Axundovu bizim buraxılış imtahanlarında iştirak edərək öz məktəblərində təhsil almaq üçün tələbə seçiminə dəvət etdim. Həmçinin gələcəkdə ustad dərsləri və digər layihələrlə bağlı fikir mübadiləsi apardıq.

 

– Moskva Dövlət Xoreoqrafiya Akademiyası dünyada məşhurdur...

– Səfərimizdə Moskva Dövlət Xoreoqrafiya Akademiyasının rektoru Marina Leonova ilə də görüşdük. Bu təhsil ocağı ilə də əməkdaşlıq haqqında müqaviləmiz var. Bu akademiyanın yetirmələri hazırda dünyanın aparıcı balet truppalarında çalışırlar. Qısa görüşümüz zamanı əməkdaşlıq müqaviləsi əsasında əlaqələri genişləndirməklə bağlı söhbətimiz oldu. Diqqətə çatdırdım ki, BXA həm Rusiya, həm də Avropa universitetləri ilə müqavilələr imzalayıb. Əlaqələri intensivləşdirməliyik. Rus balet məktəbi dünyanın aparıcı məktəblərindən biridir və bu əməkdaşlığı genişləndirmək istəyirik. Bunun üçün Moskva universitetləri və akademiyalarının aparıcı müəllimləri tərəfindən ustad dərsləri təşkil etmək lazımdır. Müəllim heyətinin mübadiləsi faydalı olar.  Azərbaycan xoreoqrafiyasının səviyyəsini yüksəltmək üçün təkcə ustad dərsləri ilə kifayətlənməməliyik. Qabaqcıl rusiyalı müəllimləri Azərbaycana uzunmüddətli işə dəvət etmək istəyimizi dilə gətirdik. Rektor bunun hələlik mümkün olmayacağını dedi və əsaslandırdı ki, akademiyanın Kalininqrad, Tümen və Kemerova vilayətlərində  filialları açılıb. Bu səbəbdən də təcrübəli müəllimlər filiallarda çalışırlar. Belə qərara alındı ki, bizim müəllimlərimiz Moskvada təcrübə keçsinlər. Akademiyanın şagirdlərinin orada təhsillərini davam etdirməsi ilə bağlı təkliflər irəli sürdüm və bu istiqamətdə də işlər həyata keçiriləcək. Qeyd edim ki, həm ödənişli, həm də ödənişsiz şəkildə tələbə mübadiləsini həyata keçirmək mümkündür. Həmçinin balet sənəti ilə bağlı ədəbiyyatların mübadiləsi də aparılacaq.

 

– Daha hansı görüşləriniz oldu?

– Böyük Teatrın direktoru Vladimir Urinlə görüşdük. O, Bakını çox sevən insandır. Biz tələbələrimizin orada təcrübə keçməsi ilə bağlı razılığa gəldik. Böyük Teatrda Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletini izlədik.

Bundan əlavə, “Roskonsert” və Qalina Vişnevskaya adına Vokal Mərkəzində də görüşlərimiz oldu.

Səfərimizin son günü Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşdük. Səfərin nəticələri ilə bağlı təəssüratımızı bölüşdük. Polad müəllim vurğuladı ki, xoreoqrafiya çox çətin bir sahədir və inkişaf etməlidir. Görüşlərin nəticələri ilə əlaqədar hər zaman dəstək olacağını deyən səfirimiz tələbələrin mübadiləsi zamanı Moskvada yerləşdirilməsi və onlara şərait yaradılmasına hazır olduğunu da diqqətə çatdırdı. Çox səmərəli görüşümüz oldu. Bizi maraqlı layihələr gözləyir. Düşünürəm ki, birlikdə bir çox  layihələri reallaşdıra bilərik.

Lalə AZƏRİ