Xalq mahnıları mədəni sərvətimizin ayrılmaz tərkib hissəsidir. Ayrı-ayrı istedadlı adamların yaradıcılıq məhsulu olan mahnı və musiqilər zaman-zaman el arasında yaşayıb, sevilib və dildən-dilə düşərək, yaddaşdan-yaddaşa ötürülərək bu günümüzə qədər gəlib. Onların arasında Şuşa qalasında yaranan və məşhurlaşan xalq mahnıları da var.

Qarabağ tarixi, qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi Vasif Quliyev bildirir ki, geniş yayılan xalq mahnılarından biri olan “Sarı bülbül”ün maraqlı yaranma tarixi var: “İran hökmdarı Ağa Məhəmməd şah Qacar Şuşada qətlə yetiriləndən sonra Qarabağ hakimi İbrahimxəlil xan Cavanşir İran dövləti ilə münasibətlərin düzəlməsi üçün öz sevimli qızı Ağabəyim ağanı hakimiyyətə yeni gəlmiş Fətəli xan Qacara ərə verib. Ağabəyim ağa ömrü boyu qərib ölkədə Vətən həsrəti ilə yaşayaraq, “Ağabacı” təxəllüsü ilə dərd-qəmini kağıza köçürüb, qəmli bayatılar qoşub, qəzəllər, qoşmalar yazıb. Ağabəyim ağa bir gün Fətəli şahdan xahiş edib ki, Tehranda Qarabağda bitən bütün gül-çiçək kolları, meyvə ağaclarının əkildiyi bir bağ saldırsın. Şah bu xahişi yerə salmayıb onun arzu etdiyi bağı saldırıb, hətta bağbanı da Şuşadan gətirdib. Ağabəyim ağa bağın adını “Vətən bağı” qoyub.

Bağda Qarabağın bütün ağac və gülləri bitsə də, yalnız Qarabağ torpağını özünə vətən seçmiş xarıbülbül bitməyib. Bundan məyus olan və kədərlənən şair:

“Vətən bağı” al-əlvandı,
Yox içində xarıbülbül.
Nədən hər yerin əlvandı,
Köksün altı sarı bülbül?

misraları ilə başlanan kədərli və qəmli bir şeir yazıb.

Qərib bir diyarda yazılmış el-oba həsrətli, sızıltılı bu şeir az bir vaxtda ürəklərə yol tapıb, kök salaraq yaşayıb, naməlum bir şuşalı onun sözlərinə musiqi bəstələyib və bu melodiya xalq mahnısı kimi ağızdan-ağıza, dildən-dilə düşərək şair ruhunu, xalq ruhunu yaşada-yaşada bu günümüzə gəlib çatıb. Bu xalq mahnısını Ağabəyim ağa Ağabacının kədərli həyatı barədə musiqili hekayət də adlandırmaq olar.

Vasif Quliyev qeyd edir ki, XIX əsrin axırlarında yaranmış “Qalalıyam, qalalı” xalq mahnısının  sözləri və musiqisi görkəmli xanəndə Cabbar Qaryağdıoğlunundur. O, bu mahnını doğulub boya-başa çatdığı Şuşa qalasına həsr edib. Mahnının ən mahir ifaçıları müəllif özü və Xalq artisti Rəşid Behdudovdur.

Lirik tonda oxunan “İrəvanda xal qalmadı” mahnısının sözləri və musiqisi də Cabbar Qaryağdıoğluna aiddir. Mahnının yaranma tarixçəsi belədir: Cabbar Qaryağdıoğlu İrəvan şəhərinin varlı sakinlərindən birinin oğlunun toy məclisini aparırmış. Bəy tərifi zamanı gəlinin atası yarızarafat-yarıciddi deyir ki, bayaqdan bəyi tərifləyirsiniz, bəs gəlini niyə tərif eləmirsiz? Xanəndə gəlinin atasının xətrinə dəyməmək üçün onun xahişini yerinə yetirir və qızın nişanələrini soruşur. Öyrənir ki, gəlinin üzündə qoşa xalı var. Xanəndə bədahətən bu mahnını ifa edərək çalğıçılara onun dalınca gəlməyi işarə edir. Həmin vaxtdan Cabbar Qaryağdıoğlu bu melodiyanı gəlinin şərəfinə “İrəvanda xal qalmadı” adlandırıb.

XIX əsrin axırlarında Şuşada yaranan mahnılardan biri də sözləri və musiqisi Cabbar Qaryağdıoğluna aid olan “Tiflisin yolları”dır. Xanəndə çox gənc yaşlarında Qafqazın və İranın bir çox şəhərlərində toy məclislərinə dəvət olunur. Uzunmüddətli səyahətdən sonra o, Tiflisə gəlib çıxır. Şəhərin gözəlliyi onu o qədər valeh edir ki, ona ithaf olaraq “Tiflisin yolları” mahnısını yazır. Dövrünün bir çox xanəndələri mahnını ifa ediblər.

Sözləri və musiqisi Xan Şuşinskiyə aid olan “Qəmərim” ötən əsrin 30-cu illərində Malıbəyli kəndində yaranıb. Xanəndə həmin kənddə yaxın dostu, məşhur çekist Məmmədəli Novruzovun toy məclisini aparırmış. Bəyin bacıları, o cümlədən Qarabağ gözəli, qara, uzun hörükləri topuqlarına düşən Qəmər xanım qardaşının toyunda rəqs edərkən Xan onu görüb və bədahətən bu mahnını qoşaraq məclisdəki ağsaqqalların icazəsi ilə ilk dəfə elə həmin toyda ifa edib. O vaxtdan da həmin mahnı dildən-dilə düşüb, başqa xanəndə və müğənnilərin repertuarına daxil olaraq el arasında geniş yayılıb.

Vasif Quliyevin sözlərinə görə, Şuşada yaranmış mahnılardan biri də “Şuşa təsnifi”dir. İlk ifaçısı məşhur xanəndə Məcid Behbudov olub. XX əsrin əvvəllərində İngiltərənin “Qrammofon Rekord” şirkəti tərəfindən onun ifasında vala yazılıb. Val “Şuşa təsnifi” adlanır.

Musiqisi və sözləri İsgəndər Novruzluya aid olan “Qarabağın maralı” da məşhur xalq mahnılarındandır. Mahnı Şuşanın teatr aktrisası Suqra Bağırovaya həsr olunub. İlk dəfə 1951-ci ildə şuşalı xanəndə İsa Rəhimovun ifasında səslənib. Sonralar bir çox müğənnilər “Qarabağın maralı”nı öz repertuarlarına daxil edib, adını və sözlərini təhrif edərək “Azərbaycan maralı” adı ilə ifa ediblər.

“Şuşa yaylağı” da ötən əsrin ortalarında yaranan xalq mahnılarındandır. Sözləri və musiqisi hüquqşünas İldırım Məhərrəmova aid olan mahnının ilk ifaçıları xanəndə İsa Rəhimov və Hüsnü Qubadov olub.