Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.

“Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.

Dağıtma əlində var isə sərvət,
Bihudə yeməkdən çəkərsən zəhmət.
Xərclərkən ölçüdən gəl götürmə əl,
Nə artıq, nə əskik, ortadır gözəl.

(“İsgəndərnamə” – “Şərəfnamə”)

Hər qorxu içində bir ümid də var,
Ümid zamanında qorxu da olar.

(“Leyli və Məcnun”)

Dünya zirəklərin karvan yoludur,
Düz və təmizlərin sadiq quludur.

(“Yeddi gözəl”)

İndi ki bildiyini saxlaya bilmiyirsən,
Özgədən öz sirrini saxlamağı umma sən.

(“Sirlər xəzinəsi”)

Susuzluq yatıran sərin su xoşdur,
Artıq içilərsə faydasız olur.
Bir dirilik suyu olsa da bu su,
Başdan aşsa əgər, vardır qorxusu.

(“Xosrov və Şirin”)