Spiralşəkilli quruluşa malik qalaktika aşkar edilib

Astronomiya üzrə alimlər qrupu kainatda spiralşəkilli quruluşa malik ən qədim qalaktikanı aşkar edib. Yaponiya Milli Astronomiya Rəsədxanası mütəxəssislərinin də olduğu qrupun qənaətinə görə, qalaktika “Böyük partlayış”dan 1,4 milyard il sonra əmələ gəldiyi güman edilir. “Böyük partlayış” – kainatın ilkin inkişafı və genişlənməsi haqqında kosmoloji modeldir. Alimlərin fərziyyələrinə görə, “Böyük partlayış” 14 milyard il əvvəl baş verib.

Yeni aşkar olunan qalaktika barədə məlumat Çilinin Atakama səhrasındakı radioteleskoplar kompleksini istifadə edən ALMA rəsədxanasının saytında yerləşdirilib. Kəşf edilən qalaktikaya “BRİ 1335-0417” adı verilib.

Alimlər onun yaşının təqribən 12,4 milyard il olduğunu güman edirlər. Bu qalaktikanın spiral strukturu isə onun mərkəzindən 15 min işıq ili qədər uzanır. Bu, Yer kürəsinin də olduğu Samanyolu (“Süd yolu”) qalaktikasının uzunluğundan təqribən 3 dəfə böyükdür. “BRİ 1335-0417” qalaktikasının tərkibində böyük miqdarda tozun olmasının ulduzların parıltısını müşahidə etməyə mane olur.

“Hərlənən diskin, spiral strukturun və mərkəzləşmiş struktur kütləsinin belə aydın təsdiqini ilk dəfə gördüyümə görə çox həyəcanlı idim. “BRİ 1335-0417” qalaktikası çox uzaqda yerləşdiyinə görə biz onun kənarlarını müşahidə edə bilmirik. Kainatın ilk çağlarında mövcud olmuş bir qalaktika kimi “BRİ 1335-0417”in ölçüləri çox nəhəngdir”, - deyə layihənin aparıcısı Takafumi Tsukui bildirib.

Alimlərin qənaətinə görə, “BRİ 1335-0417” qalaktikasının öyrənilməsi Günəş sistemi də daxil olmaqla qalaktikaların əmələ gəlməsi prosesini tədqiqi etməyə yardım edəcək.

CAVİD