Türkiyənin İzmir şəhərində yaşayan gənc həmyerlimiz Orxan Orucov rəsm yarışması üzrə ölkə birincisi olub. Hər il İzmir Özəl Türk Kolleci tərəfindən keçirilən və bu il 19-cu dəfə təşkil edilən Türkiyə Milli Rəsm Yarışmasının nəticələri mayın 29-da elan edilib.

Yarışmaya Türkiyənin 81 bölgəsindən 872 əsər qəbul olunub.

Orxan Orucov İşılay Sayğın adına Dövlət İncəsənət liseyinin 2021-ci il məzunudur. Onun “Leylanın portreti” adlı rəsmi 872 əsər içərisindən seçilərək birincilik qazanıb. Əsərin  ölçüsü 35×50 sm-dir, kömür texnikası ilə işlənib. Qeyd edək ki, Orxan bu müsabiqənin qalibi olaraq 3000 TL məbləğində mükafat da qazanıb. O, rəsm yarışmasında tək İzmiri və oxuduğu liseyi deyil, həm də doğma Azərbaycanımızı yüksək səviyyədə təmsil edib.

Orxan 2003-cü ildə Naxçıvan şəhərində doğulub, 14 il ailəsi ilə Ukraynanın Xarkov şəhərində yaşayıb, oradakı rəsm və animasiya dərnəklərində sənət təhsili alıb. 2013-cü ildə Finlandiya animatoru Maiki Kantolanın rəhbərliyi altında animasiya filmi çəkilişlərində iştirak edib və çəkdiyi film Ukraynada “Dityatko” film festivalında mükafat qazanıb.

2014-cü ildə ailəsi ilə birlikdə Türkiyənin İzmir şəhərinə köçüb. O, imtahan verərək İşılay Sayğın adına Dövlət İncəsənət liseyinə daxil olub. Təhsil illərində dəfələrlə rəsm yarışmalarına qatılaraq ilk yerləri qazanıb.

Hazırda gənc həmyerlimizin əsərləri oxuduğu liseyin rəsm qalereyasında daimi sərgilənir. Portretini çəkdiyi qız isə Orxanın bacısıdır. 15 yaşındakı Leyla Orucova İzmir Dövlət Konservatoriyasının liseyində musiqi təhsili alır. Orxanın sənət seçimində ailəsinin də əməyi böyükdür. Atası Elçin Orucov beynəlxalq “Tartoniks” animasiya layihəsinin müəllifidir. Babası Sabir Məmmədov hazırda Naxçıvanda yaşayır, Azərbaycanın tanınmış rəssamlarından biridir. Orxan gələcəkdə sənət təhsilini Türkiyən universitetlərinin birində animasiya üzrə davam etdirməyi planlaşdırır. Ona bu yolda böyük uğurlar diləyirik.

S.QALİBOĞLU