UNESCO-nun İpək Yolu Proqramı çərçivəsində növbəti fotomüsabiqə elan edilib.  “İpək Yolu gənclərin gözü ilə” 3-cü fotomüsabiqəyə müraciətlər avqustun 24-dək qəbul olunur.

Müsabiqə tarixi İpək Yolu üzərində yerləşən mədəni irs abidələri ilə bağlı baxışları fotokameraların obyektivində əks etdirmək üçün yaxşı fürsətdir.

Dünyanın bəlası olan pandemiya zamanı çoxsaylı təhsil və mədəniyyət ocaqlarının müvəqqəti bağlandığı bir dövrdə fotomüsabiqə gənclərin bir-birləri ilə rəqəmsal məkanda əlaqə qurmaq və yaradıcılıqlarını, eləcə də postpandemiya dünyamızı görmə qabiliyyətlərini bölüşmək üçün ideal platformadır.

14-17 və 18-25 yaş qrupları üzrə keçirilən müsabiqəyə “Tekstil və geyim” və “COVİD-19 pandemiyası dövründə mədəniyyətlərarası mübadilə, o cümlədən tekstil və geyim” mövzuları ilə bağlı fotolar göndərmək tövsiyə olunur. Türkiyə, Banqladeş, Böyük Britaniya, Çin, Efiopiya və Meksikadan olan fotoqraflardan ibarət münsiflər heyəti qalibləri seçəcək.

Azərbaycanın gənc fotoqrafları da müsabiqədə iştirak etməyə dəvət olunurlar. Ətraflı məlumat aşağıdakı linkdə: https://unescosilkroadphotocontest.org/fr

Əlavə suallar üçün silkroadsphotocontest@unesco.org  elektron ünvanına müraciət etmək olar.