Dünyanın ən çox turist qəbul edən ölkələrindən İspaniya iyunun 7-dən koronavirus əleyhinə tam vaksinasiyadan keçən əcnəbilər üçün sərhədlərini açıb.

Avropa Dərman Vasitələri Agentliyinin təsdiq etdiyi “Pfizer”, “Moderna”, “AstraZeneca” və “Janssen” peyvəndlərindən başqa, Çinin “Sinopharm” və “Sinovac-Coronavac” preparatları ilə vaksinasiya olunan turistlər də İspaniyaya səfər edə biləcək.

İspaniyanı ziyarət etmək istəyən turistlər ölkəyə daxil olmazdan ən azı 14 gün əvvəl tam vaksinasiyadan keçdiyini təsdiqləyən arayış təqdim etməlidir. Bundan öncə isə xüsusi tətbiq vasitəsilə internet anketi doldurmalı və bu tətbiqin generasiya edəcəyi QR kodu həm səfər öncəsi, həm də pasport nəzarəti zamanı təqdim etməlidir.

İspaniyanın hakimiyyət orqanları ölkənin turistlər üçün tədricən açılması çərçivəsində səyahət gəmilərinin limanlara lövbər salmasına da icazə verib.

Eyni zamanda, Braziliya, Hindistan və Cənubi Afrika Respublikasının vətəndaşları həmin ölkələrdə mürəkkəb epidemioloji vəziyyətlə əlaqədar hələlik İspaniyaya səyahət edə bilməyəcəklər.