Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev Xızı rayonundakı mədəniyyət müəssisələrində olub. Görüş zamanı müəssisə rəhbərləri ilə qarşıda duran vəzifələrlə bağlı söhbət aparılıb, fəaliyyətin canlandırılması, planlaşdırılan tədbirlərin həyata keçirilməsi, yaradıcı insanların fəaliyyəti, rayonların özünəməxsus mədəniyyət istiqamətinin müəyyənləşdirilməsi, işdə şəffaflığın təmin edilməsi məsələləri vurğulanıb.

***

Şəmkir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Mirələm Həsənov adına Göygöl rayon Mədəniyyət Mərkəzində görkəmli saz-söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə tədbir keçirilib.

***

Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında Əməkdar müəllim Yaqut Mustafayevanın “Ən ali məqam” kitabının  təqdimatı olub.

***

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı və idarənin əməkdaşları “Azərxalça” ASC-nin Kürdəmir filialının fəaliyyəti ilə tanış olublar. Görüş zamanı müəssisənin rəhbəri Rauf Abuşov istehsal olunan xalçalar, emalatxanadakı yaradıcı proses barədə məlumat verib. İdarənin rəisi həmçinin Kürdəmir rayon Qarabucaq qəsəbə kənd klubu, kitabxana və Diyarşünaslıq evinə baxış keçirib. Baxış zamanı mədəniyyət müəssisələrinin son dövrlərdəki fəaliyyəti dəyərləndirilib, gələcəkdə görüləcək işlər müzakirə olunub və mövcud nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

***

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər 4 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri Mətin Mustafazadə, İbrahim Mustafayev, Hicran İsmayılova, Leyla Abdurahmanova, Nəzrin Məsimova, Selcan Musayeva, Alyanaq Məmmədova, Yunus Tahirov, Nadir Abduləzizov, İlkin Paşayev, Elnur Pirməmmədli və İslam İsmayılov “MuzArt” II beynəlxalq sənət müsabiqəsində II, III dərəcəli laureat və diplomant adlarına layiq görülüblər.

Regional idarənin tabeliyindəki S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən İ.Dağıstanlı adına Xalq teatrında “Məhv olmuş arzular” adlı tamaşa nümayiş olunub. Tamaşada Xalq teatrının aktyorlarından Anay Mamedova, Xəlil Nəsibov və İbrahim Paşayev rol alıblar. Oğuz rayon MKS-nin Kərimli kənd kitabxanasının təşkilatçılığı ilə kənddəki Körpələr evində “nağıl saatı” keçirilib.

***

Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən həyata keçirilən “Mədəni kənd – mədəni mühit” layihəsi çərçivəsində Saatlı rayon MKS-nin Qıraqlı kənd kitabxana filialında Xalq şairi Səməd Vurğunun (1906-1956) anadan olmasının 115 illiyinə həsr olunmuş tədbir keçirilib. Layihə çərçivəsində Sabirabad rayon Mədəniyyət Mərkəzinin Nizami kənd Mədəniyyət evi, Qaragüney kənd Yaradıcılıq evi, Bulaqlı kənd Folklor evi, Yeni Güdəcühür qəsəbə Klub icma mərkəzi, həmçinin rayon MKS-nin Yeni Güdəcühür qəsəbə, Əhmədabad və Bulaqlı kənd kitabxana filiallarında Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

“Mədəni kənd – mədəni mühit” layihəsi üzrə daha bir tədbir Hacıqabul rayon MKS-nin Muğan qəsəbə kitabxana filialı, qəsəbə klubu və tam orta məktəbin birgə təşkilatçılığı ilə gerçəkləşib.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər F.Əmirov adına 1 nömrəli Uşaq musiqi məktəbi fortepiano sinfinin şagirdləri Qazaxıstan və Macarıstan respublikalarının təşkilatçılığı ilə onlayn formatda keçirilmiş pianoçuların “Macar rapsodiyası” adlı I beynəlxalq müsabiqəsində uğur qazanıblar. Məktəbin IV sinif şagirdi Arslan Vəliyev müsabiqənin Qran-pri mükafatına, VII sinif şagirdi Səkinə Cavadzadə isə I yerə layiq görülüb.

Gəncə şəhər MKS Mərkəzi kitabxanasının Uşaq şöbəsi 5 iyun – Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar onlayn kitab xülasəsi keçirib.

***

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “El havası” adlı mahnı (musiqi) müsabiqəsi keçirilib. Müsabiqəyə Qazax şəhər 1 və 2 nömrəli Uşaq musiqi məktəblərinin şagirdləri qatılıblar. Müsabiqənin nəticələri iyunun 9-da elan olunacaq, qaliblərə hədiyyə və diplom təqdim ediləcək. Tovuz rayon R.İsmayılov adına Düz Cırdaxan kənd tam orta məktəbinin müəllim və şagird kollektivi Tovuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya edib.

***

Lənkəran Regional Mədəniyyət İdarəsi Astara rayon Heydər Əliyev Mərkəzində Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş videokonfrans keçirilib. Tədbirdə Lənkəran, Lerik, Yardımlı rayon Heydər Əliyev mərkəzlərinin, Ombudsmanın Cəlilabad Regional Mərkəzi, Astara Pedaqoji Kolleci, rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları iştirak ediblər.

***

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Milli Qurtuluş Günü münasibətilə “15 İyun – dövlətçilik tariximizin parlaq səhifəsi” mövzusunda onlayn tədbir keçirilib.

Masallı rayon Mərkəzi kitabxanasında görkəmli yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadənin (1921-2003) anadan olmasının 100 illiyi ilə əlaqədar “Aləmdə səsim var mənim” adlı tədbir təşkil edilib.

NURƏDDİN