“NARGIS” nəşriyyat evinin bulvarda instalyasiya sərgisi

Dənizkənarı Milli Parkda “NARGIS” nəşriyyat evinin “Reduce, Reuse, Recycle, Respect” (“İxtisar, təkrar istifadə, təkrar emal, hörmət”) adlı sərgisi açılıb.

Sərgidə 15 instalyasiya, həmçinin Bakı Avropa liseyinin şagirdləri tərəfindən hazırlanmış “Eynşteynin portreti” paneli yer alıb. Panel Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə “NARGIS” nəşriyyat evi tərəfindən 2019-cu ildə keçirilən ən yaxşı instalyasiya müsabiqəsində qalib seçilib.

“NARGIS” nəşriyyat evinin direktoru Aytən Hüseynova çıxış edərək sərginin məqsədindən danışıb.

Təhsil naziri Emin Əmrullayev ətraf mühitlə ünsiyyətin bir mədəniyyət olduğunu bildirib və “NARGIS” nəşriyyat evinə təkrar emala yararlı tullantı materiallardan bu cür sənət əsərləri yaratdıqları üçün təşəkkür edib. O, həmçinin uşaqların belə bir sərgidə iştirakının, onlara ətraf mühitə düzgün münasibət göstərməyi öyrətmək üçün ən yaxşı vasitə olduğunu qeyd edib.

Sonra layihənin kuratoru Rəşad Ələkbərov çıxış edib.

Layihə Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Göyçay, Şamaxı, Quba rayon icra hakimiyyətləri, eləcə də müxtəlif dövlət və özəl təşkilatların dəstəyi ilə təşkil edilib.

Sərginin açılışında “NARGIS” nəşriyyat evinin tərəfdaşları, dövlət qurumları, Azərbaycanda akkreditasiya olunan səfirliklər, müxtəlif təşkilatlar təmsil olunub, habelə rəssamlar, heykəltəraşlar, qaleristlər iştirak edib. Tədbirdən sonra “NARGIS” jurnalının komandası bulvarda ağac əkib.

“Reduce, Reuse, Recycle, Respect” sərgisi Dənizkənarı Milli Parkda iyunun 10-dan avqustun 1-nə kimi ziyarətçilər üçün açıq olacaq.

Sərginin nümayiş olunduğu müddətdə 5–15 yaşında uşaqlar üçün iki qrupda ustad dərsləri keçiriləcək. Ekskursiyalar ərzində uşaqlar tullantıların düzgün utilizasiyası, təkrar emal edilə bilməyən materialların zərəri və tullantıların sənət əsərlərinin yaradılması məqsədilə istifadə olunması haqqında məlumat alacaqlar. Həmçinin məktəblilər üçün ekskursiyaların təşkili nəzərdə tutulub.