Bakıda beynəlxalq simpoziumda müzakirə olunub

İyunun 9-da Bakıda “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda beynəlxalq simpozium keçirilib.

Türkdilli Ölkələrin Parlament Assambleyası – TÜRKPA, Milli Məclis və Azərbaycanda Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən simpozium İkinci Qarabağ müharibəsində ölkəmizin Zəfəri, türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu və Türkiyə Böyük Millət Məclisinin 100-cü ildönümlərinə həsr olunub.

Atatürk Mərkəzində hibrid formatda (fiziki və onlayn iştirak) təşkil edilən tədbirdə Türk dünyası təşkilatlarının rəhbərləri, səfirlər, Türk Şurasına üzv ölkələrin parlamentariləri və universitetlərinin nümayəndələri iştirak ediblər. TÜRKPA-nın fəaliyyətdə olan sədri, Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop simpoziuma videomüraciət ünvanlayıblar.

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Nizami Cəfərov simpoziumu açaraq bildirib ki, Türk dünyasının 2020-ci ildə ən böyük uğuru Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər oldu. Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, bu bütün Türk dünyasının Zəfəridir. Mərkəzin rəhbəri qeyd edib ki, Azərbaycanın Zəfəri yeni reallıqlar yaradıb. Zəngəzur dəhlizi türk dövlətləri arasında əlaqələrin daha da dərinləşdirilməsində mühüm rol oynayacaq.

2020-ci və 2021-ci illərin türkdilli dövlətlər üçün mühüm hadisələrlə əlamətdar olduğunu vurğulayan TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov bildirib ki, biz İkinci Qarabağ müharibəsində Azərbaycanın Zəfərini, türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu, Türkiyə Böyük Millət Məclisinin 100-cü ildönümlərini qeyd edirik. “Azərbaycanın Zəfəri bütün Türk dünyasının qələbəsidir. Biz bununla fəxr edir və qürur duyuruq”, – deyə o əlavə edib.

Ötən 30 ildə türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndiyini qeyd edən A.Mamayusupov siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əlaqələrin möhkəmləndirilməsində Türk əməkdaşlıq təşkilatlarının mühüm rolunu vurğulayıb. O, ölkələrimiz arasında mövcud olan sıx dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminliyini bildirib.

Simpoziuma onlayn formatda qatılan TÜRKSOY-un Baş katibi Düsen Kaseinov vurğulayıb ki, türkdilli dövlətlər arasında siyasi, iqtisadi, mədəni sahələrdə və parlamentlərarası əlaqələrin inkişafı və daha da dərinləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Türkdilli dövlətlərin 1990-cı illərdən sonra böyük inkişaf yolu keçdiyini qeyd edən Düsen Kaseinov bildirib ki, ölkələrimiz arasında əməkdaşlıq üçün münasibətlərin genişləndirilməsi vacibdir. Onun sözlərinə görə, TÜRKSOY-un yaradılması da məhz bu məqsədə xidmət edir. Türkdilli dövlətlər arasında dostluq əlaqələrinin yaranmasında və inkişafında ulu öndər Heydər Əliyevin rolunu xüsusi qeyd edən Düsen Kaseinov qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər hamımızın qələbəsidir. Müstəqilliyimiz daimi olsun.

 

“Bir kərə yüksələn bayraq bir daha enməz”

 

Çıxışının əvvəlində Şərqdə ilk demokratik respublikanın Azərbaycanda yarandığını qeyd edən Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırəli ölkələrimizin müstəqillik tarixindən danışaraq deyib: “Müstəqilliyimiz bizim üçün hər şeydir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin dediyi kimi, “Bir kərə yüksələn bayraq bir daha enməz”. 2021-ci il çox uğurlu ildir. Bu il Türkiyə Cümhuriyyətinin Dövlət Himni olan “İstiqlal Marşı”nın yazılmasından 100 il ötür”.

Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfərindən danışan BTA-nın prezidenti vurğulayıb ki, türkdilli dövlətlər arasında mədəniyyət və təhsil sahələrində başlayan əməkdaşlıq daha geniş müstəviyə adlayıb. Onun sözlərinə görə, proseslərin gedişi onu göstərir ki, əlverişli məkanda yerləşən türkdilli dövlətlər çox böyük gücə malikdirlər. Bildirib ki, türkdilli dövlətlərin gələcək taleyi parlaq, müstəqilliyi isə əbədidir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında bildirib ki, türkdilli dövlətlər müstəqilliklərinin 30-cu ilinə Azərbaycanın Qarabağ müharibəsində qazandığı Zəfərlə daxil oldu. Qarabağ Zəfəri bütün Türk dünyasını bir-birinə daha da yaxınlaşdırdı. Biz bunu 44 günlük Vətən müharibəsində də gördük. Türkdilli dövlətlər həmrəylik göstərərək Azərbaycanın yanında oldular.

Günay Əfəndiyeva bu il həm də Türk dünyasının şairi, dahi mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, Nizaminin “Xəmsə”si digər türk xalqları üçün də sənət xəzinəsidir.

TÜRKPA-nın komissiya sədri, türkiyəli millət vəkili İsmet Uçma ötən 30 ildə türkdilli ölkələrin əldə etdiyi inkişaf və nailiyyətləri qeyd edərək, ölkələrimiz arasında əməkdaşlıq perspektivlərindən danışıb.

Sonra tədbirdə Azərbaycan və Türkiyənin parlament sədrlərinin videomüraciətləri təqdim etdirilib.

 

Türkdilli xalqlar bəşəriyyətə dəyərli töhfələr verib

 

Milli Məclisin sədri, TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova videomüraciətində türkdilli dövlətlərin parlament üzvlərini, elm və siyasət adamlarını bir araya gətirmiş simpoziuma uğurlar arzulayıb. Bildirib ki, tarix boyu türkdilli xalqlar bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr veriblər. Dünyanın böyük hissəsinə yayılan xalqlarımız vahid sivilizasiya əlamətlərini qoruyub saxlayıb, onları birləşdirən ortaq dəyərləri daha da zənginləşdiriblər. Çoxsaylı türk dövlətləri xalqlarımızın yaradıcılıq enerjisindən və zəkasından güc alaraq yüksəlib.

Sahibə Qafarova XX yüzilliyin 70 ili ərzində qardaş Türkiyə Cümhuriyyətinin yeganə müstəqil türk dövləti olduğunu vurğulayıb. Qeyd edib ki, bu dövlət türk xalqının Qurtuluş savaşında göstərdiyi fədakarlığın, verdiyi böyük qurbanların sayəsində qurulub. “XX əsrin sonlarında – 30 il əvvəl Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan dövlət müstəqilliklərini bərpa ediblər. Beləliklə, bu gün qədim türk dövlətlərinin varisi olan 6 müstəqil cümhuriyyətimiz var”, – deyə o əlavə edib.

Milli Məclisin sədri Türk Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və digər təşkilatların xalqlarımızın mütəşəkkil bir qüvvə kimi formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, tarix türk dövlətlərinin qarşılıqlı dəstəyinin nələrə qadir olmasına dair hadisələrlə zəngindir, Azərbaycanın 30 ildən bəri erməni işğalında olan torpaqlarını azad etməsi bunu bir daha sübuta yetirdi. 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Zəfər qazanması və ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi bütün Türk dünyasına qürur verən hadisə oldu.

Müraciətinin yekununda Sahibə Qafarova simpozium iştirakçılarını Türk dünyasının xoşbəxt gələcəyi naminə bizə vəsiyyət edilmiş dil, əqidə və əməl birliyini daim möhkəmləndirməyə, hər sahədə bir-birimizə dəstək verməyə çağırıb.

 

“Gücümüz birliyimizdədir”

 

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop videomüraciətində İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük Zəfərindən iftixar duyduqlarını vurğulayıb. “Türk dövlətləri arasındakı həmrəyliyin gündən-günə möhkəmlənməsi, işbirliyinin daha da güclənməsi bizlər üçün iftixar mənbəyidir. Hamımız Asiyadan Avropayadək insanlığa ədalət, təvazökarlıq və birlik anlayışını gətirən nəsillərin mirasçılarıyıq” – deyə o bildirib.

Xalqlarımız arasındakı tarixi bağlardan söz açan TBMM-in sədri ortaq dil, din, mədəniyyət kimi amilləri önə çəkib. Siyasətdən iqtisadiyyata, müdafiədən diplomatiyaya, təhsildən mədəniyyətə, turizmdən enerjiyədək bütün sahələrdə birlik və həmrəyliyin zəruriliyini vurğulayıb.

Beynəlxalq simpoziumun türkdilli dövlətlər arasında əməkdaşlığa töhfə verəcəyini qeyd edən Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı deyib: “Gücümüz birliyimizdədir, biz gücümüzü birliyimizdən alırıq”.

Səfir vurğulayıb ki, Qarabağ Zəfəri yeni məqsədlər uğrunda mübarizənin başlanğıcıdır: “Azərbaycan 30 ilə yaxın müddətdə işğaldan əziyyət çəkdi. Sonda Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Türkiyə də ona siyasi və mənəvi dəstək verdi. Qardaş ölkənin Zəfərindən sonra regionda yeni reallıqlar yaranıb”. Diqqətə çatdırılıb ki, türk dövlətlərinin bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələri də yüksək səviyyədə inkişaf edir.

***

Açılış mərasimindən sonra simpozium işini üç paneldə davam etdirib.

“Müstəqilliklərinin 30-cu ildönümündə türkdilli dövlətlər və parlamentlərin rolu” mövzusunda birinci panelə Milli Məclisin deputatı Cavanşir Feyziyev moderatorluq edib.

Paneldə Qazaxıstan və Qırğızıstandan deputatlar, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Qırğızıstanın müvəqqəti işlər vəkili Muxamed Lou, Türkiyə səfiri Cahit Bağçı, Türkmənistan səfiri Mekan İşanquliyev, Macarıstan səfiri Viktor Sederkenyi çıxış ediblər. AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Karaqanda Universitetinin (Qazaxıstan) rektoru, professor Nurlan Dulatbekov, Qırğız Respublikası XİN-in Diplomatiya Akademiyası rektorunun müavini, professor Zainidin Kurmanov ortaq türk dili və əlifbasının yaradılması, ortaq türk terminologiyası məsələlərindən bəhs ediblər.

Fasilədən sonra keçirilən “İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Zəfərinin Türk dünyası üçün önəmi” mövzusunda ikinci panelə Milli Məclisin deputatı Hikmət Babaoğlu, “Milli suverenliyin təzahürü olaraq TBMM və İstiqlal Marşının qəbulu” mövzusunda üçüncü panelə Milli Məclisin deputatı Sədaqət Vəliyeva moderatorluq ediblər. Türkdilli ölkələrin elm adamları, ictimai-siyasi xadimləri və deputatlarının çıxışları dinlənilib.