İyunun 9-da AMEA Milli Azərbaycan Tarixi Muzeyinin 2020-ci ildə nəşr olunmuş kitablarının təqdimat mərasimi keçirilib.

Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı qeyd edib ki, elmi müəssisədə eksponatların toplanması, təbliği, elmi tədqiqat işləri ilə yanaşı, elmi-kütləvi nəşrlərə də üstünlük verilir. 2020-ci ildə muzeyin 100 illiyi münasibətilə yubiley nəşrləri işıq üzü görüb.

N.Vəlixanlı bu il artıq 16 kitabın nəşr olunduğunu diqqətə çatdırıb. Muzeyin Arxeologiya, Etnoqrafiya, Numizmatika elmi-fond şöbələrinin, Sənədli mənbələr, Silahlar və bayraqlar, Köməkçi tarixi fənn materialları və digər fondlarının materialları əsasında hazırlanmış “Azərbaycan tarixi 100 eksponatda”, “Hacı Zeynalabdin Tağıyev sarayı” kitab-albomları, həmçinin “Azərbaycan Dmitri Yermakovun fotoşəkillərində”, “Sehrli çıraq”, “Xəzər Atlantidası yadigarları”, “Azərbaycan möhürlərinin tarixindən”, “Üçtəpə kurqanındakı alban döyüşçüsü”, “Azərbaycan şəhərlərinin açarları”, “Hacı Zeynalabdin Tağıyev fotoşəkillərdə” və s. kitablar çapdan çıxıb.

Azərbaycan və ingilis dillərində hazırlanan bu nəşrlər Azərbaycan tarixinin ayrı-ayrı səhifələrinin tədqiqi ilə yanaşı, muzey kolleksiyasının populyarlaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Təqdimatda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, akademik Şahin Mustafayev, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, tarix üzrə fəlsəfə doktorları Cəbi Bəhramov, Akif Quliyev, Tarix Dostiyev, sənətşünaslıq üzrə elmlər doktoru Səbirə Dünyamalıyeva çıxış edərək təqdimatı keçirilən nəşrlər barədə rəylərini bildiriblər. Azərbaycan tarixinin, mədəniyyətinin öyrənilməsində, təbliğində və ictimaiyyətə çatdırılmasında muzeyin xüsusi rolunun olduğu qeyd edilib.

Sonda tədbir iştirakçıları muzeyin nəşrlərindən ibarət sərgi ilə tanış olublar.