İyunun 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Xalq artisti Aygün Kazımovanın iştirakı ilə bayram konserti təşkil edib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan proqramda ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsertin aparıcıları Humay Muxtarova və Ayaz Məmmədov Ali Hərbi Məktəbin şəxsi heyətini salamlayaraq, Milli Qurtuluş Günü münasibətilə onları təbrik ediblər.

Sonra nümayiş olunan videoçarxda ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan bu günün müasir Azərbaycan tarixində yeri və əhəmiyyəti, müstəqil dövlətimizin bərqərar olmasında ulu öndərin rolu vurğulanıb. Prezident İlham Əliyevin iqtisadiyyatımızın inkişafı və müasir tələblərə cavab verən ordu quruculuğu, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində gördüyü işlər də videoçarxda qeyd edilib.

Daha sonra hərbi xidmətdə fərqlənən hərbçilərin mükafatlandırma mərasimi keçirilib.

Tədbir Xalq artisti, populyar müğənni Aygün Kazımovanın ifasında hərbi-vətənpərvərlik mövzulu mahnılar ilə davam edib. Böyük ruh yüksəkliyi ilə keçən konsert “Səma” rəqs ansamblının müşayiəti ilə müğənninin ifasında “Azərbaycan” mahnısının sədaları altında yekunlaşıb.

Tədbirin sonunda Aygün Kazımovaya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Vətənə xidmətə görə” medalı və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin mükafatı təqdim olunub.