Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.

“Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.

Nə qır yaxşı dürrü, nə boş yerə saç,
Bədgövhər olanla yaxınlaşma, qaç.
Sanma bədgövhərin vardır vəfası,
Xəta işləməkdə olmaz xətası.

(“Xosrov və Şirin”)

Dünyada qafil olmaq ağıllılıqdan deyil,
Qafillikdir həyatda dəliliyə bir dəlil.

(“Sirlər xəzinəsi”)

Sənin də səbrində qoy olsun qərar,
Gövhəri səbirlə qazanmaq olar.

(“Leyli və Məcnun”)

Zülm edib hər bir kəs şur qaldırsa, bil,
Göndərər məzara onu hər adil.

(“Yeddi gözəl”)

Əqilli adamla dostluq bağlasan,
Bilik və mərifət alarsan ondan.

(“İsgəndərnamə” – “İqbalnamə”)

Darılma sənə üz verdikdə kədər,
Ondan da böyük bir dərddən qıl həzər.

(“İsgəndərnamə” – “Şərəfnamə”)