Bu il Azərbaycan teatrının və kinosunun unudulmaz siması, Əməkdar artist, Dövlət mükafatı laureatı Hamlet Xanızadənin anadan olmasının 80 illiyidir.

İyunun 18-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində sənətkara həsr olunmuş xatirə tədbiri keçirilib.

Tədbirdə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti, Azərpaşa Nemətov, teatrın aktyorları – Xalq artistləri Hacı İsmayılov, Rafiq Əzimov, Ramiz Novruzov, aktyorun qızı Aygün Xanızadə, muzey əməkdaşları iştirak ediblər.

Tədbirdə Hamlet Xanızadənin həyat və yaradıcılığından söhbət açılıb, aktyorun sənət dostları və ailə üzvləri onunla bağlı xoş xatirələrini və ürək sözlərini bölüşüblər.

Bildirilib ki, Hamlet Xanızadə istər kino və televiziya ekranında, istərsə də teatrda yaratdığı obrazları ilə özünəməxsusluğu, səmimiliyi, tamaşaçını özünə cəlb etməsi ilə daim fərqlənib. O, hər zaman güclü yaradıcı potensiala malik aktyor kimi xatırlanır.

İstedadlı aktyor Cəlil Məmmədquluzadənin “Ölülər”, “Dəli yığıncağı” Nəriman Həsənzadənin “Atabəylər”, Nazim Hikmətin “Şöhrət və unudulan adam”, Hüseyn Cavidin “İblis”, “Xəyyam”, “Topal Teymur”, Səməd Vurğunun “Vaqif”, Vilyam Şekspirin “Antoni və Kleopatra”, Fridrix Şillerin “Məkr və məhəbbət” əsərləri əsasında hazırlanmış tamaşalarda müxtəlif obrazları böyük sənətkar məharəti ilə yaradıb.

Hamlet Xanızadənin Azərbaycan kino sənətində də parlaq obrazları az deyil. Onun “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Babək”, “Qətl günü” və s. filmlərdə oynadığı təkrarsız rollar tamaşaçının qəlbində özünə əbədi məskən salıb.

Xatirə tədbirində sənətkarın həyat və yaradıcılığını əks etdirən və muzey tərəfindən hazırlanmış videoçarx nümayiş olunub. Eyni zamanda aktyorun oynadığı tamaşalardan və çəkildiyi filmlərdən fraqmentlər izlənilib.

Qonaqlar muzeyin fondunda saxlanılan fotoşəkillərdən ibarət sərgi ilə də tanış olublar.