Tanınmış kamança ifaçısı, Əməkdar artist, Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayev “Kamança Şuşanın səsidir” musiqi layihəsini təqdim edib.

Layihə ilə bağlı məlumat verən ifaçı ilk növbədə Qarabağı, onun qəlbi Şuşanı işğaldan azad edərkən şəhidlik mərtəbəsinə ucalanlara rəhmət, sağlamlığını itirən qazilərə cansağlığı arzulayıb: “Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 il işğalda olan torpaqlarımızı azad etməsi hər birimizdə qürur hissi yaratdı. Zəfərlə bitən 44 günlük Vətən müharibəsindən sonra biz də musiqiçi olaraq öz töhfəmizi verməliyik deyə düşündüm və belə bir layihəni ərsəyə gətirdim. Şuşalı bəstəkarların əsərlərindən ibarət silsilə ifaları lentə aldırdım. Əsərləri topladım və nəticədə Azərbaycanın mədəniyyət beşiyi Şuşanın işğaldan azad olunmasına ithaf edilən “Kamança Şuşanın səsidir” adlı musiqi albomu ərsəyə gəldi”.

Qeyd edək ki, alboma səkkiz əsər daxil edilib. Əfrasiyab Bədəlbəyli, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov və Vasif Adıgözəlovun yaradıcılığından nümunələr ilk dəfə kamançada solo ifada dinləyicilərin ixtiyarına verilib. Toğrul Əsədullayevin solo ifasını “Buta” instrumental ansamblı – bədii rəhbər, tarzən Rövşən Qurbanov, pianoda Əməkdar artist Nərgiz Əliyeva müşayiət ediblər.

İfaçı layihəni daha geniş formatda beynəlxalq səviyyədə təqdim etməyi planlaşdırır.

LALƏ