Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov iyunun 21-də Azərbaycanda səfərdə olan “Əl-Cəzirə” Media İnstitutunun nümayəndə heyəti ilə görüşüb. Görüşdə ikitərəfli formatlarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Əhməd İsmayılov Medianın İnkişafı Agentliyi barədə qonaqlara məlumat verib. Vurğulanıb ki, belə səfərlərin təşkili tərəflər arasında əməkdaşlıq platformasının yaradılmasına töhfə olacaq. İkitərəfli dialoqun Azərbaycanda yeni media strategiyasının müəyyən olunmasında əhəmiyyəti qeyd olunub.

“Əl-Cəzirə” Media İnstitutunun yeni layihələr üzrə meneceri Montaser Maray Azərbaycana səfərdən məmnunluq ifadə edərək, MEDİA və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən silsilə seminarların əhəmiyyətinə toxunub. Bildirilib ki, media sahəsində mövcud problemlərə fərqli perspektivlərdən yanaşmaq üçün təcrübə mübadiləsinin aparılması vacibdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Qeyd olunub ki, gələcəkdə ikitərəfli səfərlərin təşkili planlaşdırılır.