BMT-nin ali nümayəndəsi Füzuli və Ağdamda erməni barbarlığı ilə tanış olub

 

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos ölkəmizdə səfərdədir. İyunun 22-də Migel Angel Moratinos işğaldan azad olunmuş Füzuli və Ağdam rayonlarında olub. Səfərin məqsədi Ermənistan silahlı qüvvələri tərəfindən işğal zamanı həyata keçirilən vandalizmin, Azərbaycanın tarixi-mədəni və dini irsinin məhv edilməsinin nəticələri ilə tanış olmaqdır.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini Füzuli rayonuna səfərində Azərbaycanın mədəniyyət naziri Anar Kərimov müşayiət edib.

Səfər iştirakçıları əvvəlcə rayonun Qaraxanbəyli və Merdinli kəndlərində məscid və qəbiristanlıqda törədilmiş erməni barbarlığının izlərini öz gözləri ilə görüblər.

Sonra Füzuli şəhərində “Araz” qəzetinin redaksiyasının, rayon Mədəniyyət evinin, Məhəmməd Füzulinin heykəlinin dağıntı və qalıqlarına, 1879-cu ildə inşa edilmiş məscidin olduğu əraziyə baxış olub. Migel Angel Moratinos Qarğabazarı kəndində qədim karvansaraya, hamam və XVII əsrə aid məscidin qalıqlarına da baxıb.

“Füzuli rayonunda gördüyüm mənzərə məni dəhşətə gətirdi. Bu yerlərin dağıntılara məruz qalması, ərazilərin tarixi-mədəni, dini irsinin yerlə yeksan edilməsi, müqəddəs məkanların təhqir olunması qəbuledilməzdir”, – deyə BMT-nin ali nümayəndəsi jurnalistlərə açıqlamasında bildirib.

Ali nümayəndə qeyd edib ki, insanlar fərqli olsalar da, bu, bizi bir-birimizdən ayırmamalı, əksinə, bizi birləşdirən dəyər olmalıdır: “Bütün xalqlar bu müxtəliflikləri qəbul edərək bir-birilərinə hörmət və anlayışla yanaşmalıdırlar. Çünki sülh və beynəlxalq hüquq prinsipləri və normalarının riayət edildiyi mühit bizim iradəmizi ifadə etməyə şərait yaradır və bütün bəşəriyyətə sülh və rifah gətirir”.

Migel Angel Moratinos həmçinin bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansı dünya xalqları və mədəniyyətləri arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan tərəfindən irəli sürülmüş “Bakı Prosesi”nə daim dəstək verib və ölkəmizin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib: “Azərbaycan bir neçə dəfə “Bakı Prosesi” çərçivəsində beynəlxalq tədbirlər sırasında olan qlobal forumlara ev sahibliyi edib və bu tədbirlər zamanı biz BMT-nin Sivilizasiyalar Alyansı olaraq multikulturalizm dəyərlərinin təşviqi istiqamətində Azərbaycanla sıx əməkdaşlıq etmişik”.

Qeyd edək ki, Migel Angel Moratinos Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edən yüksək vəzifəli ilk BMT təmsilçisidir. Bunu media mənsublarına açıqlamasında Azərbaycanın mədəniyyət naziri Anar Kərimov da diqqətə çatdırıb.

“BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsinin işğaldan azad olunmuş Azərbaycan torpaqlarına səfəri bizim Zəfərimizdən sonra bu qurumun ölkəmizə ilk yüksəksəviyyəli nümayəndəsinin tarixi səfəri kimi də əlamətdardır. Bu, eyni zamanda, Azərbaycana göstərilən dəstəkdir” – deyə Anar Kərimov Füzulidə olarkən bildirib.

Mədəniyyət naziri qeyd edib ki, Migel Angel Moratinos Füzulidə bir neçə yerə baxış keçirib və erməni vandallığının şahidi olub: “BMT-nin ali nümayəndəsi gördü ki, bizim torpaqlarımız, bizim irsimiz hansı vəziyyətdədir. Əsasən də dini məbədlərimiz, məscidlərimiz dağıdılıb, ya da ki, vandalizmə məruz qalıb. BMT-nin Sivilizasiyalar Alyansının əsas məqsədlərindən biri də bu abidələrin qorunması, insanların yenidən bu yerlərə qayıdıb həmin məkanlarda ibadət etməsinin təmin olunmasıdır”.

Mədəniyyət Nazirliyinin Füzuli rayonu ilə bağlı gələcək planlarından danışan Anar Kərimov qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli və Cəbrayıl rayonlarının baş planları hazırlanır: “Aidiyyəti qurumların rəhbərləri ilə bu istiqamətdə müzakirələr aparacağıq ki, Füzulinin yenidən qurulması hansı formada olacaq. Prezidentin tapşırığı var ki, hər bir dağıdılmış şəhərimizdə İşğal və Zəfər muzeyləri inşa edilsin. Bu yaxınlarda Ağdamda dövlətimizin başçısının iştirakı ilə təməlqoyma mərasimi də keçirildi. Füzulidə də belə muzeylərin yaradılması planlarımız var”.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Füzuli rayonundan sonra Ermənistanın otuz ilə yaxın işğal müddətində kabus şəhərə çevirdiyi Ağdama səfər edib.

BMT-nin ali nümayəndəsi Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi, eləcə də tarixi, dini, mədəni abidələrimizin vandalizmə məruz qalması barədə ətraflı məlumatlandırılıb.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərinin Baş planı ilə tanış olan Migel Angel Moratinosa həyata keçiriləcək quruculuq işləri barədə də ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfəri zamanı şəhərin yenidən qurulmasının təməli qoyulub.

BMT-nin ali nümayəndəsi Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksində olub. Qonağa məlumat verilib ki, XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. İşğal edilən ərazilərdəki digər tarixi tikili və abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb, saray tövlə kimi istifadə edilib. Bildirilib ki, burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın, onun oğlu və  nəvəsi İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, şairə   Xurşudbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. İbrahimxəlil xanın türbəsi və Xurşudbanu Natəvanın qəbirüstü abidəsi dağıdılıb.

Migel Angel Moratinos Ağdam şəhər Cümə məscidində ermənilərin törətdikləri barbarlıqla da tanış olub. Bildirilib ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən tikilib. Ermənilər məscidi sırf hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları tanınmaz vəziyyətə salınıb. İşğalçılar  Ağdam Cümə məscidində də mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər.

Qonağı Ağdama səfərində müşayiət edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli jurnalistlərə müsahibəsində işğaldan azad olunmuş ərazilərdə inventarlaşdırma və mühafizə məqsədilə aparılan monitorinqlər barədə məlumat verib. Diqqətə çatdırıb ki, işğaldan azad olunmuş ərazilərdə indiyədək 1500-dək abidənin monitorinqi başa çatdırılıb və bu fəaliyyət davam edir.

Dövlət Xidmətinin rəisi qeyd edib ki, monitorinqin nəticələrinə uyğun olaraq növbəti strateji bərpa prosesi dəqiqləşdirilir və bu işdə aidiyyəti dövlət orqanları ilə sıx əlaqələr qurulub: “Artıq Şuşa şəhəri üzrə inventarlaşdırma tam başa çatdırılıb. Həmin abidələrin elektron xəritəsi də mövcuddur. Bu xəritə “Google earth” proqramı əsasında qurulub. Tezliklə onun da təqdimatı keçiriləcək. Gələcəkdə isə bu proqramın ictimaiyyətə açıq versiyasını da hazırlamağı düşünürük”.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin işğaldan azad olunmuş rayonlarımıza səfərinə də toxunan Dövlət Xidmətinin rəisi bildirib ki, bu səfər Azərbaycan həqiqətlərini, eləcə də erməni vandalizmini, dağıntıları, mənimsəmə faktlarını dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırmaq baxımından xüsusi önəm daşıyır.