Azərbaycan

 

22 iyun 1802 – Şərqşünas, maarifçi Mirzə Kazım bəy (Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu; 1802-1870) anadan olub. Peterburq Universitetini bitirib, 1839-cu ildə “Türk-tatar dilinin qrammatikası” dərsliyini çap etdirib. 1853-cü ildə Peterburq Universitetində açılan Şərqşünaslıq fakültəsinin dekanı təyin edilib. Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olub.

22 iyun 1897 – Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov; 1897 – 26.9.1961) Şuşada anadan olub. Milan Konservatoriyasını bitirib. Xalq mahnıları və romansların, operalarda (“Koroğlu”, “Əsli və Kərəm”) baş partiyaların unudulmaz ifaçısı olub. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub, xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetini yaradıb.

22 iyun 1916 – Əməkdar artist, vokalçı Sona Əyyub qızı Mustafayeva (Bağırova; 1916-1999) Bakıda doğulub. Opera və Balet Teatrının solisti olub.

22 iyun 1922 – Kinorejissor Rüfət İsmayıl oğlu Şabanov (1922-1998) Bakıda doğulub. “Gəmi saatının sirri”, “Liftçi qız” və s. filmləri çəkib,  “Azərbaycantelefilm”in baş rejissoru olub.

22 iyun 1923 – Əməkdar artist Rəhilə Məmməd qızı Məlikova (Mustafayeva; 1923 – 11.12.1996) Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrının aktrisası olub, “Arşın mal alan” (1945) filmində Asya rolunu oynayıb.

22 iyun 1924 – Yazıçı Cəlal Bərgüşad (Cəlal Novruz oğlu Cavadov; 1924 - 9.7.1996) Qubadlı rayonunun Qəzyan kəndində doğulub. Əsərləri: “Sıyrılmış qılınc”, “Bozatın belində”, “Şərq çiçəyi” və s.

22 iyun 1929 – Tanınmış türkoloq, filologiya elmləri doktoru, professor Fərhad Ramazan oğlu Zeynalov  (1929-1984) Ordubad şəhərində anadan olub.

22 iyun 1942 – Bəstəkar, şair Bəhram Paşa oğlu Nəsibov (1942-1998) Füzuli rayonunun Aşağı Rəfədinli kəndində anadan olub. “Xatırla məni”, “Deyin, hardadır”, “Səni qəmli görəndə” və s. populyar mahnıların müəllifidir.

22 iyun 1947 – Şair Eldar Baxış (Eldar Baxış oğlu Ağayev; 1947 – 22.5.1996) Qubadlı rayonunun Diləli Müskanlı kəndində doğulub. “Uzun Həsən”, “Məlikməmməd” pyeslərinin müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib.

22 iyun 1955 – Tanınmış rəssam Vaqif Ucatay (Hüseynov Vaqif Hüseyn oğlu; 1955 – 20.12.2020) Şabran rayonunun Təkyə kəndində anadan olub.

22 iyun 1994 – Xalq şairi, ədəbiyyatşünas alim, ictimai xadim Xəlil Rza Ulutürk (Xəlil Rza oğlu Xəlilov; 21.10.1932 – 1994) vəfat edib.

 

23 iyun 1923 – Ədəbiyyatşünas, şair, tərcüməçi Qasım Xansuvar oğlu Qasımzadə (1923 – 28.7.1993) Qubadlı rayonunun Xocamsaxlı kəndində anadan olub. “Ürək döyüntüləri”, “Ədəbiyyatımız və mənəviyyatımız” və s. kitabların müəllifidir. 

23 iyun 1925 – Xalq artisti, ilk azərbaycanlı qadın – teatr rejissoru Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova (1925-2018) anadan olub. 30 ilə yaxın Dövlət Rus Dram Teatrında quruluşçu rejissor işləyib. Televiziya tamaşalarına quruluş verib. Bakı Musiqi Akademiyasının professoru olub.

 

24 iyun 1944 – Əməkdar mədəniyyət işçisi Faiq Məmmədəli oğlu Əliyev (1944-2015) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında, Dövlət Film Fondunda işləyib.

24 iyun 1939 – Cənubi Azərbaycan yazıçısı Səməd Behrəngi (1939 – 31.8.1968) Təbrizdə anadan olub. “Ulduz və qarğalar”, “Balaca qara balıq” və s. kitabların müəllifidir. Azərbaycan nağıllarını fars dilinə tərcümə edib. 

24 iyun 1954 – Əməkdar mədəniyyət işçisi Vaqif Mahmud oğlu Bağırzadə (1954 – 7.3.2021) Bakıda anadan olub. 2003–2020-ci illərdə Bakı Dövlət Sirkinin direktoru işləyib.

24 iyun 1955 – Tanınmış jurnalist Nəcəf Adil oğlu Nəcəfov (1955 – 17.12.1999) Bakıda doğulub. Ali Sovetin deputatı olub. Ölümündən sonra “Şöhrət” ordeni ilə (2005) təltif edilib.

24 iyun 1985 – Əməkdar artist Süsən Hacı Aslan qızı Məcidova (1916-1985) vəfat edib. Gənc Tamaşaçılar Teatrında  çalışıb, “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim” və s. filmlərdə çəkilib.

 

25 iyun 1907 – Xalq artisti Sona Salman qızı Hacıyeva (1907 – 24.12.1979) Şəkidə doğulub. 1923-cü ildən Akademik Dram Teatrının aktrisası olub. “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Səhər” filmlərində çəkilib.

25 iyun 1939 – Əməkdar mədəniyyət işçisi Adil Soltan oğlu İsmayılov (1939-2011) anadan olub. 1959-cu ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb, bir sıra filmlərin 2-ci rejissoru olub.

25 iyun 1940 – Əməkdar artist, müğənni Yaşar Abutalıb oğlu Səfərov (1940-2007) Naxçıvan MR Şahbuz rayonunda doğulub. Azərbaycan Televiziyası və Radiosunun solisti olub.

 

Dünya

 

22 iyun 1887 – İngilis filosofu, UNESCO-nun ilk baş direktoru Culian Haksli (Julian Sorell Huxley; 1887-1975) anadan olub.

22 iyun 1898 – Alman yazıçısı Erix Maria Remark (Erich Maria Remarque – Erich Paul Remark; 1898-1970) anadan olub. Romanları: “Qərb cəbhəsində dəyişiklik yoxdur”, “Zəfər tağı”, “Yaşamaq və ölmək zamanıdır” və s.

22 iyun 1906 – Amerika rejissoru, 4 dəfə “Oskar” mükafatı laureatı Billi Uaylder (Billy Wilder; 1906-2002) anadan olub.

 

23 iyun 1824 – Alman bəstəkarı, dirijor Karl Reyneke (Carl Reinecke; 1824-1910) anadan olub.

23 iyun 1889 – Rus şairəsi, yazıçı, ədəbiyyatşünas Anna Andreyevna Axmatova (Qorenko; 1889 – 5.3.1966) anadan olub. Əsərləri: “Rekviyem”, “Qəhrəmansız poema”, “Ağ dəstə” və s.

23 iyun 1901 – Türk yazıçısı Əhməd Hamdi Tanpınar (1901-1962) anadan olub. “Abdullah Əfəndinin yuxuları”, “Aydakı qadın”, “Ayna” və s. romanların müəllifidir.

23 iyun 1927 – Amerika xoreoqrafı, tanınmış kinorejissor Bob Foss (Bob Fosse; 1927-1987) anadan olub. Filmləri: “Kabare”, “Lenni”, “Bütün bu caz” və s.

 

24 iyun 1842 – Amerika yazıçısı Ambroz Birs (Ambrose Gwinnett Bierce; 1842-1914) anadan olub.

24 iyun 1912 – Rusiyanın Xalq artisti Sergey Filippov (1912-1990) anadan olub. Filmləri: “12 stul”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s. Azərbaycanda “Alma almaya bənzər” filmində çəkilib.

24 iyun 1930 – Fransız rejissoru, “yeni dalğa”nın tanınmış nümayəndəsi Klod Şabrol (Claude Chabrol; 1930-2010) anadan olub. “Qəssab”, “Bayquşun çığırtısı” və s. filmləri çəkib.

 

25 iyun 1709 – İtaliya bəstəkarı Françesko Arayya (Francesco Domenico Araia; 1709-1770) anadan olub. “Semiramida”, “Aleksandra Hindistanda” və s. operaların müəllifidir.

25 iyun 1903 – İngilis yazıçısı Corc Oruell (George Orwell - Eric Arthur Blair; 1903-1950) anadan olub. Rusiyadakı 1917-ci il inqilabına alleqoriya olan “Heyvan tövləsi” povestinin, “1984” antiutopiya-romanın müəllifidir.

25 iyun 1963 – Yunan əsilli ingilis müğənnisi və bəstəkarı Corc Maykl (George Michael – əsl adı Georgios Kyriakos Panayiotou; 1963-2016) anadan olub.

Hazırladı:  Vüqar ORXAN