Lənkəran Regional Mədəniyyət İdarəsinin tabeliyindəki O.Kazımi adına Astara Uşaq musiqi məktəbində Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar muğam sinfinin müəllim və şagirdləri tərəfindən musiqili ədəbi-bədii kompozisiya hazırlanıb. Tədbirdə musiqinin müşayiəti ilə Nizaminin qəzəlləri səsləndirilib, “Sirlər xəzinəsi” poemasından “Kərpickəsən kişinin dastanı” hekayəti nümayiş olunub. Kompozisiya məktəbin muğam sinfinin müəllimi Elyana Məmmədovanın ifasında Üzeyir Hacıbəylinin Nizaminin sözlərinə yazdığı “Sevgili canan” romansı ilə başa çatıb.

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Poeziyanın sönməz günəşi” başlıqlı onlayn tədbir keçirilib.

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər Mədəniyyət Mərkəzində “Nizami dünyasına səyahət” adlı ədəbi-bədii kompozisiya təqdim edilib. Mərkəzin tabeliyində fəaliyyət göstərən Kiçik Dəhnə kənd Diyarşünaslıq klubunda “Söz xəzinəsi” adlı ədəbi-bədii axşam, Şəki kənd Folklor evində “Nizami irsinə məhəbbət” adlı mühazirə təşkil olunub. Balakən Rayon Tarix-Diyarşünaslıq Muzeyində Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə tədbir keçirilib. Qax rayon Mədəniyyət Mərkəzində “Nizami xəzinəsindən incilər” adlı bədii qiraət müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub. Mələk Mehrablı I, Şəbnəm Bayramzadə və Səbinə Bayramlı II, Sərxan Məmmədli, Aylin Muradlı və Kifayət Şərifova III yerlərə layiq görülüblər.

Sumqayıt Regional Mədəniyyət İdarəsi Sumqayıtın Tarixi Muzeyində Nizami Gəncəvinin 880 illiyi münasibətilə Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq incəsənət məktəbinin Rəssamlıq şöbəsi şagirdlərinin əl işlərindən ibarət sərgi keçirilib.

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Nizaminin sehrli söz dünyası” adlı tədbirdə dahi şairin yaradıcılığının özünəməxsusluğundan söz açılıb.

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabe müəssisəsi – Göyçay şəhərindəki Rəsul Rzanın Ev-Muzeyində “Şərq intibahının zirvəsinə baxış – “Nizami Gəncəvi İli” adlı tədbir keçirilib.

Biləsuvar Regional Mədəniyyət İdarəsi Salyan rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvinin yaradıcılığı bəşəriyyətin mədəni sərvətidir” mövzusunda elmi-praktik konfrans keçirilib. Cəbrayıl rayon Böyük Mərcanlı kənd Uşaq incəsənət məktəbində isə N.Gəncəvinin yubileyi ilə əlaqədar tədbir təşkil olunub.

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanasında “Poeziya dünyasının dühası” adlı onlayn müsabiqənin seçim turu keçirilib.

NURƏDDİN