Xaçmaz Regional Mədəniyyət İdarəsi “Zəfər yazanlar” ədəbi yazı müsabiqəsi elan edib. İyunun 21-də başlayan müsabiqədə iştirak etmək istəyən 18 yaşdan yuxarı müəlliflər 31 avqust 2021-ci il tarixinədək şeir, hekayə və pyeslərini idarənin əhatə etdiyi Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinə təqdim etməlidir.

Hər iştirakçı yalnız bir janr üzrə əsər təqdim edə bilər. Bədii mətnlər Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan, Vətən müharibəsində iştirak edən qəhrəmanlarımızın şücaətini əks etdirməlidir.

Hər janr üzrə iki 1-ci yer, iki 2-ci yer, üç 3-cü yer müəyyənləşdiriləcək. Qaliblər Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqədə I, II, III yerlərə layiq görülən, eləcə də həvəsləndirici mükafat qazanan əsərlər “Zəfər yazanlar” ədəbi toplusu halında nəşr olunacaq.

8 Noyabr – Zəfər Günündə müsabiqə qaliblərinin mükafatlandırma mərasimi və “Zəfər yazanlar” toplusunun təqdimatı keçiriləcək.