26 İyun milli iftixar ünvanımız olan şanlı Ordumuzun bayramıdır. Azərbaycan Silahlı Qüvvələri Günü bu il 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərlə rövnəqlənib. Bölgələrdəki mədəniyyət müəssisələrində əlamətdar günlə bağlı rəngarəng tədbirlər keçirilir.  

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Mərkəzi kitabxanasında Silahlı Qüvvələr Günü ilə əlaqədar tədbir təşkil olunub. Cəlilabad rayon Mədəniyyət Mərkəzində “Vətən mənə oğul desə...” adlı onlayn konsert proqramı keçirilib. Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və idarənin əməkdaşları iştirak ediblər. Yardımlı rayon Mədəniyyət Mərkəzinin musiqiçi kollektivi də Silahlı Qüvvələri Günü münasibətilə onlayn konsert proqramı təşkil edib.

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon MKS-nin Oxuculara xidmət şöbəsi açıq havada “Ordumuz qürur mənbəyimizdir” başlıqlı tədbir təşkil edib.

Zaqatala rayon Dağlı kənd Folklor evində əlamətdar günlə bağlı keçirilən tədbirdə Vətən müharibəsi iştirakçısı, şücaətinə görə bir sıra medallara layiq görülən Nihad Yusubov, hərbi xidmətə çağırılmış gənclər və mədəniyyət işçiləri iştirak ediblər. Qəhrəman əsgər döyüş yolu və Zəfər paradında iştirakından söz açıb.