TÜRKSOY Kastamonuda qazax şairin kitabının təqdimatını keçirib

 

Türkiyənin Kastamonu şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən Qazaxıstanın tanınmış şairi, yazıçı və tərcüməçi Mukagali Makatayevin (1931–1976) anadan olmasının 90-cı ildönümü qeyd edilib. Kastamonuda şairin “Son durnalar gedərkən” kitabının təqdimatı və “Türk dünyasının mədəniyyət paytaxtları” fotosərgisinin açılış mərasimi keçirilib.

Memar Vedat Tek Mədəniyyət, Turizm və Sənət Mərkəzində keçirilən tədbirdə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Kastamonu valisi Avni Çakır, bələdiyyə başqanı Rəhim Qalib Vidinlioğlu və digər rəsmilər iştirak ediblər.

Açılış nitqi söyləyən Düsen Kaseinov TÜRKSOY Daimi Şurası tərəfindən 2018-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” seçilən Kastamonuda keçirdikləri mədəni tədbirlərə daha birini əlavə etmək və doğumunun 90-cı ildönümü münasibətilə Qazaxıstanın tanınmış şairi Mukagali Makatayevi anmaq üçün bir araya gəldiklərini vurğulayıb. Bildirib ki, şeirləri türk dillərinə çevrilən Mukagali Makatayev ədəbiyyat dünyasında olduğu qədər qardaş ədəbiyyatların da qarşılıqlı təsirinə töhfələr verib.

Açılış nitqlərindən sonra kitabın təqdimat paneli keçirilib. Paneldə “Son durnalar gedərkən” kitabının redaktoru, Qırğızıstanın TÜRKSOY-dakı təmsilçisi, Xalq şairi Kocageldi Kultegin, Qazaxıstanın Almatı Vilayəti Mədəniyyət idarəsinin rəhbəri Marlen Kölebayev, şair və yazıçı Kənan Çarboğa, Mukagali Makatayevin oğlu Culdız Makatayev şairin həyatından, yaradıcılığından və ədəbi yolundan bəhs ediblər.

Tədbir Makatayevin şeirlərinin oxunması və Almatı Dövlət Süyinbay Filarmoniyasının solisti Beybit Musayev tərəfindən şairin şeirlərinə yazılmış mahnıların ifa edilməsi ilə başa çatıb.

Qeyd edək ki, “Son durnalar gedərkən” kitabında şairin şeirləri yeddi dildə verilib. Düsen Kaseinovun ön söz yazdığı kitabın Azərbaycan dili bölməsi şair Əkbər Qoşalı tərəfindən tərcümə olunub və nəşrə hazırlanıb.

Kitabın təqdimatından sonra Kastamonu Universitetində “Türk dünyasının mədəniyyət paytaxtları” fotosərgisinin açılış mərasimi olub. Sərgidə 2012-ci ildən TÜRKSOY tərəfindən “mədəniyyət paytaxtı” elan edilən şəhərlərlə bağlı fotolar yer alıb. Bu sırada 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olmuş Azərbaycanın Şəki şəhəri də var.

Mehparə SULTANOVA
Ankara