Azərbaycan dünyanın ən böyük animasiya kinosu müsabiqəsində – Fransanın Ansi (Annecy) şəhərində keçirilən 45-ci Beynəlxalq Animasiya Film Festivalında (Annecy İnternational Animated Film Festival and Market – MİFA) təmsil olunub.

Beş gün (14-19 iyun) davam edən festivalda “Animafilm”in (Azərbaycanda  2018-ci  ildən keçirilən festival) direktoru Rəşid Ağamalıyev, 3-cü “Animafilm”in qalibi olmuş Fidan Axundova və rejissor Durna Səfərova iştirak ediblər.

Fidan Axundovanın Fransaya səfəri və MİFA akkreditasiyası onun ötənilki “Animafilm” festivalının “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” mükafatını qazanması sayəsində mümkün olub. Xatırladaq ki, həmin mükafatın sponsorları Azərbaycandakı Fransız İnstitutu (IFA), Fransanın ölkəmizdəki səfirliyi və Annecy Beynəlxalq Animasiya Film Festivalı olub.

“Azərbaycan kinosu tarixində ilk dəfə animasiya filmimiz Annecy Festivalında müsabiqə proqramında iştirak etdi. Durna Səvərovanın “Fainanın sirri” filmi festivalın müsabiqə proqramında yarışdı. Onu da qeyd edim ki, “Animafilm” festivalı artıq ikinci dəfədir ki, MİFA animasiya bazarında təmsil olunur. Biz Azərbaycan və Fransa arasında çox önəmli animasiya proqramları hazırlamışıq. Bu barədə geniş məlumat veriləcək”, – deyə “Animafilm” Beynəlxalq Animasiya Festivalının direktoru R.Ağamalıyev deyib.

Xatırladaq ki, 2021-ci ildə “Animafilm” festivalı Fransanın Azərbaycandakı Səfirliyi və Fransız İnstitutunun (İFA) tərəfdaşlığı və Annecy Beynəlxalq Animasiya Film Festivalının dəstəyi ilə “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafat təqdim edir. Bu kateqoriyada “Animafilm” festivalının qalibi 2022-ci ildə Fransada keçiriləcək Annecy Festivalına səyahət edəcək və MİFA peşəkar akkreditasiyası əldə edəcək.

Bakıda IV “Anı̇mafı̇lm” Beynəlxalq Animasiya Festivalı oktyabrın 20-dən 24-dək kec­̧iriləcək. Festivalda uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri təqdim ediləcək. Builki festivalın mövzusu “Əlillik” olacaq.