Azərbaycanlı kinorejissor Hilal Baydarovun “Xurmalar yetişən vaxt” filmi iyunun 16-dan 22-dək Misirin İsmailiyyə şəhərində keçirilən 22-ci Beynəlxalq Sənədli və Qısametrajlı Filmlər Festivalının “Ən yaxşı sənədli film” nominasiyasında mükafata layiq görülüb.

Süveyş kanalının sahilində keçirilən mükafatların təqdimatı mərasimində Misir, Suriya, İtaliya kino tənqidçilərinin müsbət rəyini qazanmış filmə görə mükafat ölkəmizin Misirdəki səfirliyinin əməkdaşı Emil Rəhimliyə təqdim edilib.

Mərasimdə İsmailiyyə valisi Şərif Fəhmi Bişara, Misir Mədəniyyət Nazirliyinin müşaviri Xalid Əbdel Cəlil, tanınmış kinoaktyorlar və rejissorlar iştirak ediblər. Ərəb dünyasında sənədli və qısametrajlı filmlər üzrə ilk beynəlxalq müsabiqə olan İsmailiyyə kinofestivalında bu il 44 ölkədən ekran əsərləri nümayiş etdirilib. Onların 8-i müxtəlif nominasiyalarda mükafatlara layiq görülüb.

Qeyd edək ki, Hilal Baydarovun “Xurmalar yetişən vaxt” sənədli filmi indiyədək bir neçə festivalda iştirak edib. Rejissorun “Səpələnmiş ölümlər arasında” bədii filmi isə 2020-ci ildə 77-ci Venesiya Film Festivalında nümayiş olunub. Bu, müstəqil Azərbaycanın kino tarixində A kateqoriyalı festivalın əsas müsabiqəsində yer alan ilk bədii filmdir.